"Türkiyə millisi təhlükəli komandadır" - Roberto Mançini

20:55 - 10 İyun 2021

"Bir il geciksə də, turnirin başlaması hamımızı sevindirir. Yaxşı heyətə malik təhlükəli komanda ilə oynayacağıq. Məncə, möhtəşəm qarşılaşma olacaq".

Manşet.az xəbər verir ki, bu fikirləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini Türkiyə ilə AVRO-2020-nin açılış matçı öncəsi mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, əsas məqsədləri yaxşı oyun göstərmək və futboldan həzz almaqdır: "Yaxşı kollektiv olduğumuzu bilirik. Bununla belə, rəqiblərə də hörmətlə yanaşırıq. Meydana öz oyunumuzu göstərmək üçün çıxmalıyıq".

Təcrübəli baş məşqçi böyük turnirlərdə ilk görüşlərin hər zaman çətin keçdiyini xatırladıb: "Ağır oyun olacağını düşünürəm. Türkiyə güclü komandadır və onlara böyük hörmətim var. Bu kollektivi məğlub etmək istəyiriksə, ən yaxşı oyunlarımızdan birini keçirməliyik".

Mançini rəqib komandanın heyətində Fransanın "Lill" klubunda çıxış edən hücumçu Burak Yılmazı fərqləndirib: "Onu çox sevirəm. Ümid edirəm ki, sabah bizə qol vurmayacaq. Türkiyəli azarkeşlərə böyük məhəbbətim var. Amma qarşıdakı oyun üçün üzgünəm. 90 dəqiqə ərzində qələbə qazanmağa çalışacağıq. İnanıram ki, Türkiyə ilə finalda da qarşılaşacağıq".

Qeyd edək ki, Romadakı "Olimpiko" stadionunda keçiriləcək İtaliya - Türkiyə oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin