Vəkillər Kollegiyasında vəkillərlə görüş keçirildi

17:58 - 10 Dekabr 2024

Vəkillər Kollegiyasında vəkillərlə görüş keçirildi

Dekabr ayının 9-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə Məhkəmə Ekspertizası Şurasının İşçi qruplarında təmsil olunan vəkillərlə onlayn görüş keçirilib.

 

Manset.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayıb, məhkəmə ekspertizası sahəsində fəaliyyətin təkmilləşdirilməsi və mövcud problemlərin həlli məqsədilə yaradılmış Şurasının İşçi qruplarında təmsil olunan ARVK üzləri ilə bu istiqamətdə müzakirələrin keçirilməsinin əhəmiyyətindən danışıb. 

Sədr diqqətə çatdırıb ki, ölkə başçısının 07 avqust 2024-cü il tarixli Sərəncamı ilə yaradılmış Məhkəmə Ekspertizası Şurasına Kollegiya da üzv seçilib. Bu Şurada qeyri-dövlət, müstəqil təsisat olan ARVK-nın təmsil olunması Kollegiyaya və vəkilliyə göstərilən çox yüksək etimaddır. Ekspertiza sahəsində vəkillərin təcrübədə rastlaşdığı problemlər, o cümlədən bu institutun inkişafı, təkmilləşdirilməsi ilə bağlı gələcəkdə aparılacaq islahatlar üzrə təkliflərin mütləq qaydada Şuranın müzakirəsinə təqdim olunması çox zəruridir. Çünki vəkillər həm mülki, həm də cinayət prosessual sahəsində ədalət mühakimə icraatında fəal iştirak edən çox önəmli peşə sahibləridir. Birinci növbədə məhkəmə ekspertizasının müstəqilliyi, qərərsizliyi və obyektivliyi tam təmin edilmədir. Eyni zamanda bu istiqamətdə beynəlxalq təcrübə və yerli problemlər öyrənilməlidir.

Həmçinin Anar Bağırov ARVK-nın məhkəmə ekspertizası sahəsindəki problemlərin həllinə, o cümlədən hüquq sisteminin müasir tələblərə uyğunlaşdırılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Sonra ARVK-nın sədr müavini Şahmar Məmmədov çıxış edərək Məhkəmə Ekspertizası Şurasında yaradılmış İşçi qruplarında təmsil olunan vəkillərin fəaliyyət istiqamətindən danışıb, Kollegiya üzvləri ilə bir sıra müzakirələr aparıldığını, təkliflər hazırlanaraq Şuraya təqdim edildiyini söyləyib. Eyni zamanda sədr müavini vurğulayıb ki, bu sahədə işlər davam etdirilir və digər təkliflər də hazırlanaraq Şuraya göndəriləcək.

Görüşdə vəkillərin qarşılaşdığı çətinliklər, təcrübədə rastlaşılan bir çox problemlər və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb, bu sahədə qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi imkanları nəzərdən keçirilib, habelə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində təkliflər səsləndirilib.   


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin