Aylardır maaşlar verilmir, əməkdaşlar işdən çıxarılır - "Space"in ağır günləri

17:45 - 5 Dekabr 2024

Aylardır maaşlar verilmir, əməkdaşlar işdən çıxarılır -

“Space”  televiziyasında  son  günlər  ciddi  maliyyə problemləri yaşanır. Əməkdaşlar kütləvi şəkildə işdən çıxarılır.

 

Manset.az Oxu24.com-a istinadən xəbər verir ki, ciddi maliyyə böhranı ilə üzləşən  telekanal  kütləvi şəkildə əməkdaşlarını ixtisara salır. Əvvəllər  300-dən çox  əməkdaşı  olan  kanalın  hazırda  cəmi  60-70 nəfər işçisi  qalıb. İşdən çıxarılanlar  sürücülər,müxbirlər, montajorlar,rejissorlar, operatorlar  və digər texniki işçilərdir.

Bəs “Space” televiziyasında nə baş verir? Kanalın belə çöküşünün səbəbi nədir?

Telekanalda maliyyə problemləri üzündən 4 aya yaxındır ki, işçilərin əməkhaqları ödənilmir. Bu səbəbdən də maaşlarını ala bilməyən  işçilər  telekanaldan  dəfələrlə  rəsmi qurumlara  şikayətlər  ediblər.

Kanalın adının  çəkilməsini  istəməyən  xanım  əməkdaşının  verdiyi  məlumata görə, işçilər ya  məcburi  şəkildə işdən  ərizə  yazdırılıb  çıxarılır, ya  da məzuniyyətə göndərilir  və geri qaytarılmırlar.  Hətta son vaxtlarda maaşların gecikdirilməsinə  görə telekanal bir neçə dəfə Dövlət Əmək Müfəttişliyi tərəfindən cərimələnib.

Qeyd edək ki,bir müddət öncə kanalın əməkdaşı Zamirə Dadaşova qanunsuz olaraq işdən çıxarıldığı üçün məhkəməyə müraciət etmişdi. Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə keçirilən iclasda qərar verilmişdi.

Z. Dadaşovanın vəkili Sadiq Rəsulov müvəkkilinin işə bərpa edilməsi və işləmədiyi dövrə görə əməkhaqqının ödənilməsini tələb edib. İddia tam təmin edilib.

Bundan əvvəl isə Dövlət Əmək Müfəttişliyi Xidməti “Space” telekanalının prezidenti Vado Korovini 1700 manat cərimə edib. V. Korovin qərardan şikayət versə də, məhkəmə təmin etməyib. Məhkəmə belə qənaətə gəlib ki, Z.Dadaşova ilə bağlanmış əmək müqaviləsində iş saatları düzgün müəyyən edilməyib.

“Space”in maşınları hara yoxa çıxıb?

Telekanalın problemləri bununla bitmir. İddiaya görə ciddi avtomobil problemi  yaşayan əməkdaşlar  çəkilişlərə  yük maşınlarında getməyə məcbur qalırlar.

Əldə edilən məlumata görə, dünəndən etibarən sürücülərin də işdən çıxarılmasına başlanılıb. 20-dən artıq sürücüsü olan telekanalın hazırda  6-7 nəfər əməkdaşı işdə qalıb.Adının çəkilməsini istəməyən işdən çıxarılan sürücü bildirib ki, kanalda maşınlar olmadığı üçün çəkilişə şəxsi avtomobilləri ilə gedirdilər:

"Maşınların yarısı orda-burda, yarısı da 1 ildir ki, təmirdə yatır”.

Qeyd olunan ciddi maliyyə böhranı səbəbindən kanalda fəaliyyət göstərən tanınmış aparıcılar da bir-bir kanalı tərk edir. Bir müddət əvvəl İlham Mirzəyev “Space”dən ayrılaraq digər kanala keçib. Əldə etdiyimiz məlumata görə, aparıcılar  İlhamə Bədəlova, Azər Axşam da bu yaxınlarda kanalı tərk edəcək.

Qeyd edək ki,reytinqli layihələr də Space TV-də yayımını dayandırıb. Yeni mövsümdə kanal rəhbərliyi sosial layihələrdən, bəzi musiqi verilişlərindən imtina etmişdi. Hazırda kanalda Azər Axşam,Amil Xəlil,Elman Bakuvi rəsmi müqavilə əsasında aparıcı kimi çalışırlar.

İddialara görə,digər aparıcılar kanalda prodakşın və yaxud ödənişsiz olaraq fəaliiyət göstərirlər. Bu mövsümdə adətən müğənnilərə pulsuz efir vaxtları verilib.

Ciddi problemlər yaşadığı kanalı “Namus” serialı da tərk edir. Serialın yeni ildən etibarən “ARB” kanalında yayımlanacağı gözlənilir. Serialın hansı səbəbdən "Space" kanalını tərk edib,ARB-yə keçməsinin səbəbi məlum deyil.

Televiziyadan ayrılan rejissor İsbendiyar Məcidoğlu açıqlamasında kanalda maliyyə problemlərinin olduğunu təsdiqləyib:

“Mənim kanalın rəhbəri Vado müəllimlə çox gözəl münasibətlərim var idi. Özü də çox səmimi insandır. Sadəcə kanalda maliyyə problemləri yaşanır. Ona görə bizi işdən çıxardılar. Başqa problemim olmayıb”,- deyə kanalın keçmiş əməkdaşı bildirib.

Telekanalın işdən çıxarılan digər əməkdaşı bu məsələdə adının hallanmasının istəmədyini bildirib.

“Dediklərinizin hamısı doğrudur. Sadəcə mənim adımın bu məsələdə hallanmasını istəmirəm”,-deyə xanım əməkdaş açıqlamsında bildirib.

Məsələ ilə bağlı “Space” TV-nin mətbuat xidməti və digər məsul şəxslərlə əlaqə saxlamaq istənilsə də, zənglərə cavab verən olmayıb.

Qeyd edək ki, Space TV-nin rəhbəri Vado Karovindir. O, bu vəzifəyə  2023-cü ilin fevralında təyin olunub.


Xəbər xətti

26 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin