Əlilliyi olan vətəndaşlar ziyarət olundu - FOTO

17:05 - 4 Dekabr 2024

Əlilliyi olan vətəndaşlar ziyarət olundu - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı 3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə mühüm sosial təşəbbüs həyata keçirərək Yasamal rayonunda yaşayan əlilliyi olan vətəndaşların ailələrini ziyarət edib. Bu addım Yeni Azərbaycan Partiyasının humanizm dəyərlərinə, cəmiyyətin ən həssas qruplarına göstərilən diqqət və qayğıya sadiqliyinin daha bir nümunəsi kimi qiymətlidir.

 

Ziyarətlər zamanı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, sosial müdafiə tədbirlərinin gücləndirilməsi və onların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin mühüm aspektlərindən bəhs edilib. Qeyd olunub ki, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası istiqamətində dövlət səviyyəsində həyata keçirilən layihələr bu sahədə davamlı irəliləyişlərə zəmin yaradır. Xüsusi olaraq, Birinci vitse-prezident Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu diqqət mərkəzində olub. Fondun sağlamlıq imkanları məhdud şəxslərin təhsili, sağlamlığı, sosial təminatı və ümumilikdə həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirdiyi irimiqyaslı proqramlar ölkəmizin bu sahədə qabaqcıl təcrübələrə əsaslanan yanaşmasının parlaq nümunəsidir. Ziyarətlər zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlıq imkanlarını itirmiş qəhrəman hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həllinə yönəlik atılan addımlar da xüsusi vurğulanıb. Bu istiqamətdə dövlətin göstərdiyi diqqət və qayğı ölkəmizin hər bir vətəndaşının rifahına yönəlmiş siyasətinin ayrılmaz hissəsidir. Ziyarətlərin əsas məqsədinin əlilliyi olan şəxslərin ehtiyac və problemlərini yerindəcə öyrənmək, onların həyat şəraitinə dair məsələlərə həssaslıqla yanaşmaq və bu sahədə dövlətin həyata keçirdiyi tədbirləri bir daha nümayiş etdirmək olduğu bildirilib.

Əlilliyi olan vətəndaşlar və onların ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, bu cür təşəbbüslər, həm dövlət siyasətinin humanist dəyərlər üzərində qurulduğunu, həm də Yeni Azərbaycan Partiyasının cəmiyyətin sosial rifahına yönəlmiş fəaliyyətində yüksək məsuliyyət prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Bundan əlavə, cəmiyyətin həssas qruplarının müdafiəsi sahəsində atılan mühüm addımların və ümumi sosial həmrəyliyin gücləndirilməsinin təzahürü kimi xüsusi əhəmiyyət daşıyır.

 

 

 



Xəbər xətti

5 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin