Gürcüstan parlamenti vətəndaşlara bağlandı - SƏBƏB

10:33 - 29 Noyabr 2024

Gürcüstan parlamenti vətəndaşlara bağlandı - SƏBƏB

Gürcüstan parlamentinin rəhbərliyi genişmiqyaslı anti-hökumət nümayişləri ilə əlaqədar qırmızı təhlükəsizlik səviyyəsinin tətbiqi və bununla da Tbilisidəki qanunvericilik binasının ziyarətçilərin üzünə bağlanması barədə qərar qəbul edib.

 

Manset.az bu barədə qanunverici orqanın bəyanatına istinadən xəbər verir.

“Bu gündən, noyabrın 29-dan etibarən parlament binasında qırmızı təhlükəsizlik səviyyəsi tətbiq edilib, qırmızı səviyyə zamanı parlament aparatının rəhbəri tərəfindən müəyyən edilmiş şəxslərdən başqa heç kim Gürcüstan parlamentinə buraxılmayacaq”, - deyə məlumatda bildirilir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze cümə axşamı bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük danışıqları məsələsini gündəliyə salmamaq və icmanın bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Hökumət başçısının sözlərinə görə, buna səbəb üzvlük dialoqunun başlanması ilə bağlı Aİ-nin daimi şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğv edilməsi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub.

Kobaxidzenin bəyanatı bəzi vətəndaşların narazılığına səbəb olub və onlar cümə axşamı parlament binası qarşısında toplaşmağa başlayıblar. Aksiya polislə toqquşmaya çevrilib, nəticədə asayiş keşikçiləri, etirazçılar və media nümayəndələri xəsarət alıb. Xüsusi təyinatlılar səhər saatlarında nümayişçiləri dağıdıb və parlamentin qarşısındakı Rustaveli prospektini tamamilə azad ediblər. 


Xəbər xətti

29 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin