“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - AİB ilə 10,5 milyon dollarlıq saziş

09:24 - 16 Noyabr 2024

“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - AİB ilə 10,5 milyon dollarlıq saziş

Asiya İnkişaf Bankı* (AİB) və Veysəloğlu Şirkətlər Qrupunun** “Araz” Supermarketlər Şəbəkəsi arasında Azərbaycanda kənd təsərrüfatının inkişafını və ərzaq təhlükəsizliyini dəstəkləmək məqsədi ilə 10,5 milyon dollarlıq saziş imzalanma mərasimi keçirilib. 


Manset.az xəbər verir ki, tədbirdə AİB-in Özəl Sektor Əməliyyatları üzrə Baş Direktoru Suzanne Gaboury, Veysəloğlu Şirkətlər Qrupunun “Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov, “Veysəloğlu Distribusiya”nın İdarə Heyətinin sədri Bəxtiyar Allahverdi, “Oba” Marketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova  və digər nümayəndələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rəşad İbrahimov bildirib ki, AİB ilə imzalanan saziş sahibkarlığın və yerli istehsalın inkişafında mühüm rol oynayacaq və yeni iş yerlərinin yaradılmasına imkan verəcək: “Saziş ailələrin qida təminatının daha da yaxşılaşdırılmasına şərait yaradacaq. Eyni zamanda yerli fermerlərin inkişafına təkan olacaq. Saziş çərçivəsində qadınların işə cəlb olunması istiqamətində mühüm addımlar atılacaq”.

Suzanne Gaboury isə qeyd edib ki, “Araz” Supermarketlər  Şəbəkəsi ilə imzalanan saziş müasir pərakəndə satış sektorunda ərzaq keyfiyyətini və təhlükəsizliyini artıracaq: “Müqavilə çərçivəsində ərzaq təhlükəsizliyinə və iqlim fəaliyyətinə dəstək veriləcək. Eyni zamanda, saziş kiçik fermerlərin daha etibarlı gəlirlər əldə etməsinə imkan yaratmaqla inklüziv inkişafa töhfə verəcək. AİB-in dəstəyi Azərbaycanın müasir pərakəndə təchizat zəncirinin genişlənməsini sürətləndirməyə və tədarük, nəqliyyat, saxlama və paylama sahələrində səmərəliliyi artırmağa kömək edəcək.”

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycandakı əksər fermerlər kiçik təsərrüfat sahibləri kimi, etibarlı alıcılar və sabit gəlirlərlərlə bağlı əziyyət çəkirlər. Bu faktorlar fermerlərin təsərrüfatlarını iqlim dəyişikliyinə uyğunlaşdırmaq üçün investisiya ayırmasını çətinləşdirir. İqlim dəyişikliyi ilə əlaqəli yüksək temperatur, su qıtlığı, torpağın şoranlaşması, yeni zərərvericilərin və xəstəliklərin yaranması da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Rəşad İbrahimov daha sonra əlavə edib ki, yerli fermerləri dəstəkləmək biznesin və xidmət göstərdiyimiz insanların mənafeyi üçün olduqca vacibdir: “AİB ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanda keyfiyyətli qidaya çıxış imkanlarını genişləndirə və iqlimə davamlı əkinçilik təcrübələrini təşviq edə bilərik”.

Tədbirin sonunda “Araz” Supermarketlər  Şəbəkəsi Asiya İnkişaf Bankına Qarabağ xalçasının ornamentlərini özündə əks etdirən və əməkdaşlığın uzunmüddətli olmasını simvolizə edən saat hədiyyə edib.



Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin