Ödənişli yoldan bu kartla keçəcəyik - VİDEO

15:21 - 7 Noyabr 2024

Ödənişli yoldan bu kartla keçəcəyik - VİDEO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın satışına başlanılır.

 

Manset.az xəbər verir ki, bu barədə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” (AAYDA) məlumat yayıb.

Bildirilib ki, “Sürətli Keçid Kartı”nı Sumqayıt 2, Quba və Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı “ASAN xidmət” mərkəzlərindən, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrində yerləşən satış məntəqəsindən, eyni zamanda Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqəsindən əldə etmək mümkündür. 

“Sürətli Keçid Kartı”nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.

“Sürətli Keçid Kartı” içərisində xüsusi çip yerləşdirilmiş kiçik bir kartdır. Ödənişli yoldan istifadə zamanı, ödəmə keçid məntəqələrində quraşdırılmış xüsusi qurğular bu çipdəki məlumatları avtomatik olaraq oxuyur. 

Kartları düzgün istifadə etmək üçün avtomobilin ön alın şüşəsinə kartı qoruyucu lentdən ayıraraq, qeyd olunan standartlar (ön alın şüşəsinin sağ künc hissəsində) əsasında yerləşdirmək kifayətdir.

Kartın balansını satış məntəqələrində və ya onlayn şəkildə artırmaq mümkündür. 

Onlayn balans artırmaq üçün:

1.    www.tollroad.az və ya www.odenisliyol.az saytına daxil olun.

2.    "Balans artırma" bölməsinə keçid edin.

3.    “Sürətli Keçid kartı”nın alışı zamanı sizə təqdim olunmuş qeydiyyat məlumatlarından istifadə edərək, hesabınıza daxil olun.

4.    Bank kartı vasitəsilə ödəniş edin.

Balans artırma və “Sürətli Keçid kartı”nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür. 

“Sürətli Keçid kartı”nın istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda yuxarıda qeyd olunan satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır. 

Bundan əlavə yaranmış çətinliklərlə bağlı dəstək xidməti fəaliyyət göstərir. Xidmətə www.tollroad.az, www.odenisliyol.az web saytları üzərindən müraciət edə və ya [email protected] email ünvanına elektron məktubla məlumat vermək olar.  Həmçinin *1009 Qaynar xəttinə də müraciət etmək mümkündür.

Qeyd edilib ki, 1 ay ərzində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm “Sürətli Keçid Kartı” əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkün olacaq.

Qeyd olunan müddət bitdikdən sonra isə ödənişli yoldan yalnız “Sürətli Keçid Kartı”nın sahibləri istifadə edə biləcəklər.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin