Dini liderlər Prezidentə təşəkkür etdilər

13:46 - 6 Noyabr 2024

Dini liderlər Prezidentə təşəkkür etdilər

"Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda keçirilən Dünya dini liderlərinin qlobal Bakı Sammitinin iştirakçıları noyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktubu ünvanlayıblar.

 

Manset.az xəbər verir ki, məktubda Azərbaycan Prezidentinin Dini liderlərin qlobal Bakı Sammitinə himayədarlıq etməsi və özəl diqqəti tədbirə verilən ən böyük dəyər kimi qiymətləndirilib.

Dini liderlər COP29-u Azərbaycan xalqının və dövlətinin böyük uğuru kimi qiymətləndirb, 2024-cü Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini planetin gələcəyi naminə insan həmrəyliyinə xidmət edən dəyərli qlobal təşəbbüs kimi alqışlayıblar. Azərbaycanın ətraf mühitin qorunmasına verdiyi önəm, bu istiqamətdə səmərəli addımları təqdir edilib, Yer üzündə ilahi düzənin bərpası yönündə əhəmiyyətli fəaliyyət kimi dəyərləndirilib.

Məktubda, həmçinin dini liderlər Azərbaycanda keçirilən COP29-un dünyada sülhə, qlobal atəşkəsə çağırışlar üçün faydalı və səmərəli müstəvi olacağına ümid etdiklərini bildiriblər. Onlar Azərbaycan dövlətinin qlobal atəşkəs çağırışını bəyəndiklərini və ona öz dəstəklərini ifadə ediblər: “Azərbaycanın son dönəmdə yaşadığı tarixi reallıqlar bir daha sübut edir ki, dünya hələ də yaradıcı və dağıdıcı qüvvələrin qarşıdurması ilə üz-üzədir. Hərbi cinayətlərə, ekoloji terror, vandalizm xarakterli dağıdıcı əməllərə qarşı biz bu gün Azərbaycanın timsalında təbiətə, ətraf mühitə qarşı cinayət əməllərinin ağır fəsadlarını aradan qaldıran, bərpa işlərini alternativ enerjiyə əsaslanan yaşıl iqtisadiyyat təməlləri üzərində həyata keçirən, bölgənin ekoloji tarazlığını bərpa edən qurucu, yaradıcı dövlət nümunəsini görürük. Ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövləti bu gün ekosidin, urbisidin və kultursidin ağır nəticələrini aradan qaldırmağın örnək modelini bütün dünyaya nümayiş etdirir”.

Sammit iştirakçıları Azərbaycan Prezidentinin insan qardaşlığı yönündə, irqi və dini dözümsüzlük, ksenofobiya hallarına qarşı qətiyyətli mövqeyini dəstəklədiklərini bildiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan dinlər, mədəniyyətlər, sivilizasiyalar arasında dialoq və əməkdaşlığa dair bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin, nüfuzlu Zirvə görüşlərinin ənənəvi ünvanıdır.

Dini liderlər əmin olduqlarını bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və dövləti beynəlxalq müstəvidə daha böyük uğurlara imza atacaq.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin