Karateçilərimiz dünya çempionatında tarix yazdılar - FOTOLAR

13:22 - 30 Oktyabr 2024

Karateçilərimiz dünya çempionatında tarix yazdılar - FOTOLAR

Azərbaycan Karate-Do Federasiyasının idmançıları karate üzrə dünya çempionatını uğurla başa vurublar.

 

Manset.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqrad şəhərində təşkil olunmuş karate üzrə 31-ci dünya çempionatında yığma komandamız şəxsi yarışlarda 7 qızıl medal qazanıb:

Əli  Əhmədov - (10-11 yaş   -34 kq)

Eldar Bağırov -  (12-13 yaş  -53 kq) 

Mikayıl Nağıyev - (14- 15 yaş  "Open")

Zəki Cəfərzadə - (16 - 17) yaş  +73 kg

Nərmin Əliyeva - (14-15 yaş "Open") 

Humay Həsənli - (+18 yaş  +58 kq)

Rauf Yusifov  (Master)  


Azərbaycan komanda yarışlarında uğurla çıxış edərək, aktivinə 2 qızıl medal yazdırıb. Oğlanlar 12-15 yaş qrupunda, eyni yaş üzrə qarışıq komanda (oğlanlar və qızlar) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bu nəticələr sayəsində Azərbaycan 44 ölkə arasında 5-ci yeri tutub.   

Azərbaycan Karate-Do Federasiyasının prezidenti, dünya və Avropa çempionu Arif Məmmədov budəfəki yarışın indiyədək ən sanballı olduğunu və daha çox ölkənin qatıldığı dünya çempionatı olduğunu bildirib. Federasiya rəhbəri qeyd edib ki, məhz bunun nəticəsidir ki, komandanın lideri və kapitanı Samir Məmmədov ilin əsas yarışını mükafatsız başa vurub:

"Bu yarışa ümumilikdə idmançı, məşqçi və federasiya nümayəndəsi olaraq 50 nəfərədək heyətlə yollanmışdıq. Yarış gərgin idman mübarizəsi ilə yadda qaldı. Bununla belə, komandamızın bəzi üzvləri özlərini yaxşı tərəfdən göstərdilər. Qızıl medalların beşi oğlanlardan gəldi. Böyüklərin yarışında yeganə qızıl medalı Humay Həsənli əldə etdi. Humay Həsənli son dəfə 2018-ci ildə yeniyetmələrdə çempion olmuşdu. Nəhayət, altı ildən sonra yenindən çempion olmağı bacardı, Belqradda himnimizi səsləndirdi. 

Son reytinq turnirinin qalibi kimi dünya çempionatında iştirak etmək hüququ qazanan Nərmin Əliyeva çempion oldu. Qeyd edim ki, Nərmindən başqa daha iki idmançımız məhz reytinq yarışından sonra mundiala vəsiqə qazandı. Həmin idmançıların bütün xərclərini federasiya öz öhdəsinə götürdü. Bundan başqa, yığma komandanın məşqlərində fərqlənən idmançılar Serbiyaya federasiyanın hesabına yollandılar. Bu, bir idman federasiyası olaraq bizim idmançılarımıza göstərdiyimiz diqqət və qayğıdır. Əsas odur ki, düz yoldayıq. Azərbaycanı beynəlxalq idman arenalarında layiqincə təmsil edirik, bayrağımızı dalğalandırırıq, himnimizi səsləndiririk. Bundan gözəl hiss nə ola bilər ki?! Bunu gözü götürməyənlər bilsinlər ki, hər zaman onların qarşısında olacağıq. Belə nəticələr necə ki bizləri sevindirir, eləcə də Azərbaycanı, onun atributlarını sevən hər kəsi sevindirməlidir. Sevindirmirsə, demək ki, onlar Azərbaycanı sevmirlər. Biz, düz yoldayıq və öz işimizlə məşğuluq".

A.Məmmədov sonda onu da vurğuladı ki, yığma komanda artıq bir neçə gündən sonra 2025-ci ilin aprelində İtaliyada keçiriləcək Avropa çempionatına hazırlaşacaq.



Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin