Azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı - TƏHLİL

17:15 - 30 Oktyabr 2024

Azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı - TƏHLİL

Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı prioritet istiqamət kimi müəyyənləşdirilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib.

Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərir.

 

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Azərbaycanda bütün sahələr, eləcə də iqtisadiyyat daim dinamik inkişafdadır:

Picture background

"Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində məqsədyönlü siyasət həyata keçirilir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanda bütün sahələr, eləcə də iqtisadiyyat daim dinamik inkişafdadır. Ümummilli Liderin əsasını qoyduğu siyasi kursu davam etdirən cənab Prezident İlham Əliyev azad bazar iqtisadiyyatı, rəqabətli biznes mühitinin qurulması siyasətinin tərkib hissəsi olaraq özəl sektorun inkişafını hər zaman diqqət mərkəzində saxlayır. "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları"nın icrasında yerli sahibkarlığın gücləndirilməsinə xüsusi önəm verilir, xüsusi diqqət yetirilir və qayğı göstərilir. Sahibkarların fəaliyyətinin genişləndirilməsi məqsədilə dövlətin maliyyə dəstəyi, həmçinin subsidiyaların ayrılması özəl sektorun inkişafını daha da sürətləndirir, onun ümumi iqtisadiyyatdakı tutumunu daha da yüksəyə qaldırır. Dövlət, sahibkarlığın inkişafını dəstəkləmək üçün müxtəlif proqramlar və təşviq mexanizmləri tətbiq edir. Bu, investisiya cəlb etməyə, yerli istehsalı artırmağa və iqtisadiyyatın diversifikasiyasına yönəlmişdir.

Həmçinin liberallaşma prosesləri, bazar iqtisadiyyatının prinsiplərinə əsaslanaraq, müstəqil iş mühitinin formalaşmasını təmin edir. İnvestorların hüquqlarının qorunması, rəqabət mühitinin gücləndirilməsi və bürokratik maneələrin azaldılması, sahibkarların daha innovativ yanaşmalarla fəaliyyət göstərməsinə şərait yaradır. Bu amillər, ölkənin iqtisadiyyatını daha dinamik və rəqabətqabiliyyətli hala gətirməkdə mühüm rol oynayır. Eyni zamanda, müstəqil sahibkarlar, sosial və iqtisadi inkişafa töhfə verərək, cəmiyyətin ümumi rifahını artırmağa kömək edirlər".

Millət vəkili onu da qeyd edib ki, ölkəmizdə sahibkarlıq fəaliyyətini və biznes mühitini tənzimləyən iqtisadi qanunvericilik xeyli təkmilləşdirilmişdir :

"Liberallaşma prosesləri, investisiya mühitini cəlbedici edir və xarici investorların marağını artırır. İqtisadiyyatın diversifikasiyası məqsədilə, müstəqil sahibkarların dəstəklənməsi, ölkənin iqtisadi sabitliyini gücləndirir. Bu yanaşma, sosial ədalət və iqtisadi bərabərliyin təmin edilməsi baxımından da önəmlidir, çünki daha geniş sahibkarlıq mühiti, cəmiyyətin müxtəlif təbəqələrinin rifahına müsbət təsir edir. Ölkəmizdə sahibkarlıq fəaliyyətini və biznes mühitini tənzimləyən iqtisadi qanunvericilik bir qədər də təkmilləşdirilmiş, hüquqi prosedur və qaydalar xeyli liberallaşdırılıb, “bir pəncərə” sistemi tətbiq edilməklə biznes qeydiyyatı sistemi sadələşdirilmiş, sahibkarlar üçün biznes mühitinin əlverişliliyi səviyyəsi əhəmiyyətli dərəcədə artırılıb, sahibkarlığa, o cümlədən kiçik və orta sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi təkmilləşdirilib, idxal-ixrac üçün həyata keçirilən prosedurlar daha da sadələşdirilib, ölkədə ixrac rüsumları ləğv edilib, sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb.
Habelə vergi inzibatçılığı daha da təkmilləşdirilmiş, elektron gömrük xidmətləri genişləndirilib, ixracın və investisiyaların təşviqi, yerli istehsalın dəstəklənməsi, dövlət satınalmalarında yerli istehsala üstünlük verilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının və emalının stimullaşdırılması mexanizmləri yaradılıb".

A.Hüseynov qeyd edib ki, aparılmış islahatlar ölkəmizin beynəlxalq hesabatlardakı mövqeyinə də müsbət təsir göstərmişdir. Belə ki, “Doing Business 2019” hesabatında Azərbaycan 190 ölkə arasında 57-ci pillədə qərarlaşıb. Nəticədə, Azərbaycanda azad sahibkarlıq və liberal iqtisadiyyat, ölkənin iqtisadi infrastrukturunu gücləndirərək, dayanıqlı inkişaf üçün mükəmməl bir zəmin yaradır.

 

Fidan Əliyeva

6.3.12. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

 


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin