Azərbaycanda neçə bina istiliklə təmin olunur? - RƏSMİ

21:15 - 27 Oktyabr 2024

Azərbaycanda neçə bina istiliklə təmin olunur? - RƏSMİ

Hazırda "Azəristiliktəchizat" ASC-nin balansında 564 qazanxana mövcuddur.

 

Manset.az xəbər verir ki, bunu qurumun mətbuat katibi Elvin Basqallı deyib.

O qeyd edib ki, hazırda payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir: "Hər il hazırlıq mövsüm başa çatdıqdan sonra növbəti mövsüm başlayan günə qədər davam edir. Magistral və məhəllədaxili xətlər hidravlik təzyiqlə yoxlanılır, qazanxanalarda təmizlik işləri aparılır, avadanlıqlar yoxlanılır".

Mətbuat katibinin sözlərinə görə, ümumilikdə, 3 871 yaşayış binası, 184 500-dən çox mənzil, 449 təhsil müəssisəsi, 152 səhiyyə obyekti, 2 224 sosial və təsərrüfat obyektləri istiliklə təmin olunur.

"Məhz bu il 564 qazanxanadan beşi sökülərək yerində yenisi qurulub. Səbail, Nizami, Nərimanov və Yasamal rayonunda daha dörd qazanxana sökülüb və hazırda yerində müasir tipli qazanxana tikilir. Səbail rayonunda bir qazanxana isə zirzəmidən çıxarılaraq yeni layihə əsasında qurulur. Yenidən qurulan qazanxanalar daha təhlükəsiz, enerji səmərəliliyi yüksək və ekoloji cəhətdən daha təmizdir".

O qeyd edib, yeni qazanxanaların tikilməsi daha çox istehlakçıya xidmət göstərmək imkanı yaradacaq.

"Məsələn, Nizami rayonu ərazisində sökülən qazanxana ilə əvvəl 19 binanı istiliklə təmin etmək mümkün idisə, yeni qazanxana 29 binanı istiliklə təmin etmək gücünə malikdir", - Elvin Basqallı "Kaspi" qəzetinə açıqlamasında bildirib.

"Azəristiliktəchizat" ASC ilə istehlakçılar arasında müqavilələrin bağlanılması məsələsinə aydınlıq gətirən E.Basqallı bu prosesin bir ilə yaxındır davam etdiyini vurğulayır: "Təbii ki, keyfiyyətdən razı olmayan, yüksək keyfiyyətli istilik almadığını iddia edən istehlakçı istənilən vaxt "Azəristiliktəchizat" ASC-yə müraciət edə bilər. Bu halda müvafiq akt tərtib olunaraq həmin mənzil mərkəzləşdirilmiş qaydada istiliklə təminatdan çıxarılır. Amma indiyədək belə halla rastlaşmamışıq. Artıq ümumi mənzillərin 50 faizdən çoxunda istehlakçı ilə müqavilə bağlanılıb. Müqavilə ilə bağlı problem yoxdur. Əsas problem köhnə tipli qazanxanalarla bağlı yaranır. Hazırda 60-dan çox qazanxana köhnədir.

Bu istiqamətdə də bu ildən işlərə başlanılıb və köhnə tipli qazanxanalar yenilənir".


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin