Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
09:51 - 26 Oktyabr 2024
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Manset.az xəbər verir ki, tanınmış opera müğənnisi, Xalq artisti, Prezident təqaüdçüsü Şahlar Quliyev 2024-cü il oktyabrın 26-da, 78 yaşında vəfat edib.
Şahlar Quliyev 25 sentyabr 1946-cı ildə Cəlilabad rayonunda anadan olub. İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu ixtisası üzrə təhsil alıb, daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA, professor E.Quliyevanın sinfi) bitirib.
Vokal sənətimizin gözəl səslərindən (bariton) olan Şahlar Quliyev 1975-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti idi. O, 30 ildən artıq aparıcı səhnə ustası – yüksək kateqoriyalı solist-vokalçı kimi teatrın repertuarındakı əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edib. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Aşıq Qərib"də Şahvələd, "Sevil"də Atakişi, "Arşin mal alan"da Süleyman, "Gəlin qayası"nda Xan, "Koroğlu"da Həsən xan, "Aida"da Amonasro, "Riqoletto"da Monterone, "Toska"da Skarpia, "Karmen"də Eskamilio, "Payatsı"da Tonio, "Bohema"da Şonar, "Natəvan"da Qasım bəy Zakir kimi rollar onun tərəfindən professionallıqla ifa olunub və tamaşaçı rəğbəti qazanıb.
Şahlar Quliyevin vokalçı kimi repertuarında uzun illər böyük məharətlə ifa etdiyi Aslan şah partiyasnın xüsusi yeri var. Təsadüfi deyil ki, sənətkar 2016-c ilin noyabrında Akademik Opera və Balet Teatrında özünün 70 illik yubileyinə həsr olunmuş tamaşada məhz Aslah şah partiyası ilə bu səhnədə son çıxışını etmişdi.
Şahlar Quliyev Azərbaycan opera sənətini teatrın heyəti ilə birlikdə müxtəlif xarici ölkələrdə də uğurla təmsil edib.
Sənətkarın Azərbaycan mədəniyyətinə, vokal ifaçılıq sənətinə töhfələri dövlətimiz tərəfindən yüksək qiymətləndirlib. O, 1991-ci ildə Əməkdar artist, 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdü. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Şahlar Quliyevin vəfatı ilə əlaqədar sənətkarın ailəsinə və yaxınlarına, eləcə də musiqi və teatr ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin