İlham Əliyev BRICS Sammitində çıxış etdi - TAM MƏTN

16:47 - 24 Oktyabr 2024

İlham Əliyev BRICS Sammitində çıxış etdi - TAM MƏTN

Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib.

 

Manset.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzində keçirlən iclasda iştirak edib.

Əvvəlcə XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının nümayəndə heyətləri başçıları - iştirakçılar birgə foto çəkdiriblər.

Rusiya Prezidenti Vladimir Putin çıxış üçün sözü Azərbaycan Prezidenti İlham Əliyevə verib.

Dövlətimizin başçısı çıxışı zamanı deyib:

-Hörmətli Vladimir Vladimiroviç.

Hörmətli həmkarlar.

Xanımlar və cənablar.

Hər şeydən əvvəl dəvətə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istərdim.

Fürsətdən istifadə edərək, Rusiya Federasiyasını BRICS-də uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdim.

Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident Vladimir Putin deyib: Hörmətli cənab Prezident, çox sağ olun. Həqiqətən, Siz tamamilə düzgün qeyd etdiniz ki, Azərbaycanın rolu, xüsusilə logistika dəhlizlərinin inkişafında çox mühümdür. Eyni zamanda, zənnimcə, Rusiyanın, həmçinin digər BRICS dövlətləri ilə artan əmtəə dövriyyəsini nəzərə alsaq, Qazaxıstan Prezidentinin indicə dediyi kimi, bu da böyük əhəmiyyətə malikdir.

Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm. Çox sağ olun.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin