Avropa Parlamentinin qətnaməsi hibrid hücumdur

16:30 - 24 Oktyabr 2024

Avropa Parlamentinin qətnaməsi hibrid hücumdur

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi son qətnamə tamamilə qərəzli, obyektivlikdən uzaq və həqiqətləri təhrif edən bir sənəddir. Bu qətnamə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, beynəlxalq hüququn prinsiplərinə ziddir. Bizə qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır və ölkəmizə qarşı aparılan genişmiqyaslı hibrid hücumların növbəti mərhələsidir. Azərbaycan öz haqq işini qorumaqda qətiyyətlidir və beynəlxalq hüquq çərçivəsində hər zaman cavab verəcəkdir.


Qətnamədə Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bağlı "etnik təmizləmə" iddialarının irəli sürülməsi tarixi və hüquqi həqiqətlərin təhrif olunmasıdır. Qarabağ həmişə Azərbaycan ərazisi olub və bu, BMT və digər beynəlxalq qurumlar tərəfindən dəfələrlə təsdiqlənib. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi beynəlxalq hüququn tələbinə uyğun olaraq bərpa etmişik. Qarabağda yaşayan ermənilərə qarşı heç bir zorakılıq törədilməmiş, əksinə, mülki əhali üçün təhlükəsiz çıxış təmin edilmişdir. Qondarma "etnik təmizləmə" ittihamları isə sadəcə erməni təbliğatının yalanlarından biridir və bunu hamı bilməlidir.

Əgər etnik təmizləmədən danışılırsa, Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi əsl etnik təmizləmə haqqında danışmaq lazımdır. XIX və XX əsrlərdə yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından – indiki Ermənistan ərazisindən qovulub. O cümlədən İrəvan, Göyçə, Zəngəzur və digər bölgələrdən zorla çıxarılmış yüz minlərlə azərbaycanlı bu gün də öz doğma yurdlarına qayıtmaq hüququnu gözləyir. Bu, beynəlxalq hüququn pozulmasıdır və heç kim bu faktları gizlədə bilməz. Bizim öz doğma torpaqlarımıza qayıdış hüququmuz təmin olunmalıdır.

Azərbaycan tarixən multikulturalizm və tolerantlıq prinsiplərinə sadiq olub. Bizim ölkəmizdə müxtəlif millətlər və dinlər sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb. Lakin qətnamədə Azərbaycanın erməni mədəni irsini guya məhv etməsi ilə bağlı irəli sürülən ittihamlar tamamilə əsassızdır. Əslində, işğal zamanı Ermənistan Azərbaycanın mədəni və dini irsini məhv edib. Bizim məscidlərimizi, tarixi abidələrimizi vandalizmə məruz qoyublar. Azərbaycanın mədəni irsinin qorunması istiqamətində beynəlxalq təşkilatları, o cümlədən UNESCO-nu dəfələrlə bölgəyə dəvət etmişik, amma Ermənistan bu səylərə həmişə mane olub.

Avropa Parlamentinin "siyasi məhbuslar" və "işgəncə" ilə bağlı irəli sürdüyü iddialar da əsassızdır. Azərbaycan hüquqi dövlət quruculuğunda beynəlxalq standartlara uyğun islahatlar həyata keçirmişdir. Bizim məhkəmə sistemimiz qanunun aliliyinə əsaslanır. Heç kim qanun qarşısında xüsusi imtiyazlı deyil, hər bir şəxs törətdiyi əməllərə görə cavab verməlidir. Jurnalist ola bilər, ictimai fəal ola bilər, amma bu, onu törətdiyi cinayətin məsuliyyətindən azad etməyəcək. Bu, hüququn fundamental prinsiplərindən biridir və biz bu prinsipləri ciddi şəkildə qoruyuruq. Avropa Parlamentinin bu məsələdə obyektivliyini itirməsi isə ikili standartların bariz nümunəsidir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaşdır. Bizim enerji siyasətimiz milli maraqlarımıza və regional sabitliyə xidmət edir. Avropa Parlamentinin Azərbaycanın enerji sektoruna qarşı yönələn ittihamları siyasi xarakter daşıyır və tamamilə əsassızdır. Azərbaycan, enerji sahəsində Avropanın əsas tərəfdaşı kimi şəffaf və məsuliyyətli fəaliyyətini davam etdirir. Bu əməkdaşlıq həm regionumuzun, həm də Avropanın enerji təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Azərbaycanın COP29 iqlim sammitinə ev sahibliyi etməsi, ölkəmizin qlobal səviyyədə ekoloji problemlərin həllində aparıcı rol oynadığını bir daha təsdiqləyir. Biz bu istiqamətdə böyük uğurlar əldə etmişik və beynəlxalq ictimaiyyət də bunu yüksək qiymətləndirir. Avropa Parlamentinin belə bir mühüm beynəlxalq tədbiri siyasi məqsədlərlə manipulyasiya etməsi, Azərbaycana qarşı qərəzli yanaşmasının bir göstəricisidir. Bizim ölkəmiz beynəlxalq ekoloji məsələlərdə qlobal liderlərdən biridir və bunu heç kim inkar edə bilməz.


Kamal Cəfərov

Milli Məclisin deputatı


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin