Şəhid media mənsubları ilə bağlı videoçarx hazırlandı - VİDEO

20:24 - 18 Oktyabr 2024

Şəhid media mənsubları ilə bağlı videoçarx hazırlandı - VİDEO

“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyinin “Şəhid imza” layihəsi çərçivəsində videoçarx hazırlanıb. Videoçarxda Birinci və İkinci Qarabağ savaşlarında şəhid olan jurnalistlər və ümumilikdə həlak olan media mənsublarının tam siyahısı əksini tapıb.

 

Manset.az xəbər verir ki, layihənin məqsədi ümumi siyahıya əlçatanlığın təmin olunmasıdır.

Birliyin sədri, telejurnalist, Baku TV-nin məsul redaktoru Günel Gözəlova qeyd edib: “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi olaraq bu sahədə bir ilkə imza atmışıq. Videoçarxda Birinci və İkinci Qarabağ müharibələrində həlak olan 16 media mənsubunun adı yer alıb. Süjet xətti monoloq janrında olan videoçarxın qəhrəmanı AZƏRTAC-ın müxbiri, şəhid jurnalist Məhərrəm İbrahimovun oğlu 8 yaşlı Toğruldur.

“Otuzillik işğal zamanı Ermənistanın Azərbaycana qarşı haqsız müharibəsində həyatlarını təhlükəyə ataraq qələmini silaha çevirən, peşəsinin icrasını yarımçıq qoyub səngərdə vuruşan media mənsubları bu yolda canlarından keçiblər. Lakin onların bəzilərinin adı demək olar heç yerdə çəkilmir. “Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İctimai Birliyi Qarabağ savaşında 16 media mənsubunun həlak olduğu faktını dəqiqləşdirib”, - deyə layihənin müəllifi vurğulayıb.

O bildirib ki, əsas məqsəd bu videoçarx vasitəsilə ermənilərin media mənsublarına qarşı terrorunu bir daha gündəmə gətirmək, eyni zamanda, beynəlxalq aləmdə peşəsini icra edərkən toxunulmaz sayılan media nümayəndələrinə qarşı törədilən cinayət faktları və hələ də işini icra edəcək jurnalistlərin ermənilərin Azərbaycan torpaqlarında yerləşdirdikləri minalar səbəbindən həyatlarının təhlükədə olması faktını vurğulamaqdır.

Qeyd edək ki, “Şəhid imza” layihəsinin icrasına iyulun 1-dən start verilib. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib.

Şəhid media mənsubları ilə bağlı videoçarx hazırlanıb VİDEO


Xəbər xətti

19 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin