3 boksçumuz Avropa çempionatında finala yüksəldi

22:05 - 17 Oktyabr 2024

3 boksçumuz Avropa çempionatında finala yüksəldi

Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri keçirilib.

 

Manset.az xəbər verir ki, Azərbaycan millisinin 3 boksçusu bu mərhələni qələbə ilə başa vurub.

Tural Sarıyev (48 kiloqram) yarımfinalda Samet Oruc Salihlə (Türkiyə) üz-üzə gəlib. 4:1 (30:27, 28:29, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn boksçumuz finala yüksəlib. O, həlledici görüşdə Luis Runi (İrlandiya) ilə qarşılaşacaq.

51 kiloqramda mübarizə aparan Nicat Hüseynov da yarımfinalda qələbə qazanıb. O, Omer Ametoviçdən (Serbiya) üstün olub – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Hüseynov finalda Rudolf Qarboyanla (Ermənistan) döyüşəcək.

Murad Allahverdiyev də (80 kiloqram) yarımfinal görüşünü xeyrinə bitirə bilib. O, Ahmed Mavriçi (Serbiya) hər 3 raundda məğlub edərək, yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb. Boksçumuz finalda Sezar Yojerlinlə (Fransa) gücünü yoxlayacaq.

Milli üzvlərindən Nicat Hüseynovla Murad Allahverdiyev oktyabrın 19-da, Tural Sarıyev isə ertəsi gün rinqə çıxacaq.

Qeyd edək ki, Azərbaycan boksçularından Marjona Savriyeva (50 kiloqram) Avropa çempionatında bürünc medal qazanıb.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin