Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi nə yerdədir? - VİDEO/FOTO

14:35 - 16 Oktyabr 2024

Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi nə yerdədir? - VİDEO/FOTO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi artıq 75 faiz icra olunub.


Bu barədə Manset.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Bakı şəhərində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirşağı avtomobil yolunun ümumi uzunluğu 12.7 km olmaqla 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yolun torpaq yatağının eni 30.6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla yeni yol 6 hərəkət zolağından ibarətdir.

Layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası yekunlaşdırılıb. Hazırda yol əsasının inşası, əsas hazır olan hissələrdə isə asfaltlanma işləri aparılır. 

Layihəyə əsasən yolboyu 3 yol qovşağı, 3 körpü və 2 yerdə alt keçidin inşası işləri davam etdirilir:

-    Yolun ilk 400 metrlik hissəsində “Balaxanı qovşağı”nın ramplarında qazma və dolğu işləri aparılır; 
-    Təqribən 1-ci km-lik hissədə 62 metr uzunluğa malik körpünün inşası başa çatıb; 
-    yolun 4.4-4.5-ci km-lik hissəsində kommunikasiya xəttinin mühafizəsi üçün inşa edilən alt keçid yerləşən hissədə dolğu işləri başa çatıb, asfalt-beton örtük döşənib;
-    yolun 6.7-ci km-lik hissəsində “Yanardağ qovşağı”nda dayaqların və yanaşma yollarının tikintisi, aşırım tirlərinin montajı başa çatıb;
-    “Pirşağı qovşağı”nda 23 dayaq tikilib, 9 aşırımdan 7-i hazırdır, 2-də işlər davam edir.

Bundan başqa, yolboyu zəruri yerlərdə “U” tipli geri dönüşlərin tikintisi, həmçinin müxtəlif diametrlərə malik 31 suötürücü borunun quraşdırılması işləri də yekunlaşıb.    

Avtomobil yolunun hər iki tərəfində piyada səkilərinin inşası və yolboyu işıqlandırma sisteminin qurulması layihə üzrə nəzərdə tutulub ki, bu istiqamətdə müvafiq addımlar atılır. Belə ki, yolun 2-16-cı km-lik hissəsində yol boyu kabel xətləri çəkilib və işıq dirəkləri quraşdırılıb, yolun sağ və sol, həmçinin “U” tipli geridönüş hissələrdə səki daşlarının düzülməsi işləri davam etdirilir.

Bundan başqa layihə üzrə marşrut boyu yolun sağ və sol kənarlarında mühafizə hasarları qurulur, eyni zamanda nəqliyyat və piyadaların təhlükəsizliyini təmin edilməsi məqsədilə müvafiq yerlərdə əyri xətli tirlər quraşdırılır. Yolun 2-6-cı km-lik hissəsində yol ayrıcı zolaqda beton bloklar qoyulub.

Yeni yol infrastrukturu layihəsi “İnşaat Norma və Qaydaları”na uyğun sürətlə və keyfiyyətlə yerinə yetirilir. İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün tikinti ərazisinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kifayət qədər texnika və canlı qüvvə cəlb edilib.

Qeyd edək ki, yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.   



Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin