“Sədərək” Ticarət Mərkəzi Zəfər Günü ilə bağlı möhtəşəm tədbir keçirib - FOTOLAR

13:56 - 9 Noyabr 2021

“Sədərək” Ticarət Mərkəzi Zəfər Günü ilə bağlı möhtəşəm tədbir keçirib - FOTOLAR

Noyabrın 8-də “Sədərək” Ticarət Mərkəzində Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.

 

Tədbirdə “Sədərək” firmasının rəhbərliyi, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri, sahibkarlar, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

“Sədərək” firmasının mətbuat xidmətinin rəhbəri Kamaləddin Qədim tədbiri giriş sözü ilə açaraq Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər haqqında danışıb. K.Qədim 44 gün davam edən bu müharibədə Azərbaycan Ordusunun döyüş əzmindən, şəhid və qazilərimizin göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açıb. O, həmçinin azad olunmuş ərazilərimizdə böyük abadlıq-quruculuq işlərinin həyata keçirildiyini qeyd edərək, “Sədərək” firmasının Vətən müharibəsi zamanı Azərbaycan Ordusuna, şəhid ailələri və qazilərə geniş maddi-mənəvi dəstək göstərdiyini vurğulayıb.

K.Qədim çıxışı zamanı Vətən müharibəsində qazandığımız Zəfərə həsr olunan şeirlər səsləndirib.

“Sədərək” firmasının icraçı direktoru Vaqif Hüseynli çıxış edərək bildirib ki, bu gün Azərbaycanın bütün rayon və şəhərlərində Zəfər Günü təntənəli şəkildə qeyd edilir: “Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalına son qoydu, torpaqlarımızı mənfur düşməndən azad etdi. Hazırda Qarabağda, o cümlədən mədəniyyət beşiyimiz Şuşada Azərbaycanın üçrəngli bayrağı dalğalanmaqdadır və bu, hər birimizdə böyük qürur, fəxarət hissi yaradır. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi təsis edilib. “Sədərək” firması olaraq biz də bu bayramı sizlərlə birlikdə böyük sevinclə qeyd edirik. Bu tədbirin keçirilməsində bizə yaxından köməklik göstərdiyinə görə “Sədərək firmasının təsisçisi Yusif Qədimbəyliyə təşəkkür edirəm.”

V.Hüseynli bildirdi ki, İkinci Qarabağ savaşı başlayan gündən “Sədərək” firması ordumuza böyük maddi və mənəvi dəstək göstərib: “Sözügedən dəstək “Sədərək” firmasının təsisçisi Yusif Qədimbəylinin göstərişi və bu qurumun məsul əməkdaşı Ənvər Qədimbəylinin təşkilatçılığı ilə həyata keçirilib. Firmanın 50 nəfər əməkdaşı Vətən müharibəsində könüllü şəkildə iştirak edib. Firmanın əməkdaşlarından 4 nəfər bu döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib, 10 nəfər isə ağır yaralanaraq qazi olub. “Sədərək” firmasının nəzdində fəaliyyət göstərən “Dübrar” su zavodu savaş dövründə ordumuzu içməli su ilə təmin edib. Həmçinin “Sədərək” firması Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 1 375 132 manat məbləğində vəsait ianə edib, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 267 750 manat dəyərində olan 5 ədəd “Mitsubishi L200” markalı avtomobil təqdim edib.  Firmamız Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinə 303 000 manat dəyərində 4 ədəd “Mitsubishi L200”, 1 ədəd “VAZ 2121” markalı  “Niva” avtomobili, 2 ədəd kvadratsikl və 2 ədəd hərbi texniki vəsait verib”.

V.Hüseynli qeyd etdi ki, “Sədərək” firması Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi hissələrində xidmət göstərən hərbi qulluqçulara 966 136 manat dəyərində ərzaq, 466 918 manat dəyərində ləvazimat, 580 367 manat  dəyərində geyim, 125 400 manat dəyərində 2 ədəd hərbi-texniki vəsait, 42 500 manat dəyərində texnika yardımı edib. Hərbi hissələrə edilən bu yardımların ümumi dəyəri 2 181 321 matatdır. Bunlardan əlavə, Füzuli rayonundakı hərbi hospitalın və Füzuli Rayon Mərkəzi Xəstəxanasının qarşısında çadırlar quraraq şəhid və yaralıların yaxınlarına, o cümlədən təcili tibbi yardım stansiyasının işçilərinə 12 personal olmaqla 2 ay boyunca 24 saat xidmət göstərilib. “Sədərək” firması Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə ümumilikdə 4 127 203 manat dəyərində yardım edib. Firmanın rəhbərliyi isə “YAŞAT” Fonduna 100 000 manat məbləğində ianə edib.”

Bayram tədbirində, həmçinin "Sədərək" firmasının Həmkarlar İttifaqı Komitəsinin sədri Sahib Ələkbərov, “SMX” MMC-nin əməkdaşları olan Vətən müharibəsi iştirakçıları Elmir Quliyev, İsmayıl Qurbanov, şəhid ailələrinin üzvləri çıxış edərək Azərbaycan xalqının İkinci Qarabağ savaşında  göstərdiyi həmrəylikdən, Ali Baş Komandan İlham Əliyevin böyük Sərkərdəlik məharətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından söz açdılar.

Sonra “Sədərək” Ticarət Mərkəzində “Zəfər” muzeyinin, həmçinin mərkəzin yaxınlığında “Şəhidlər bağı”nın və “Şəhidlər bulağı”nın açılış mərasimi olub. Şəhidlərin xatirəsinə ağaclar əkilib, voleybol meydançası istifadəyə verilib.



Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin