Vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu - TƏHLİL

13:46 - 5 Oktyabr 2024

Vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu - TƏHLİL

1991-ci ildə ikinci dəfə müstəqilliyini əldə edən Azərbaycan Respublikası demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu keçib. Ötən illər ərzində aparılan mütərəqqi islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu yüksək səviyyədə həyata keçirilib, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılıb. Dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olunmaqla, qanunun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılıb. Bu gün Azərbaycan inkişaf etmiş ölkələr arasında xüsusi yeri və böyük nüfuzu olan dövlətdir. 

 

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən  Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar ölkəmizdə bərqərar olub:

Vüqar Rəhimzadə: Böyük Qayıdışdan sonra Füzulini yeni həyat gözləyir -  AZƏRTAC

"Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan ilk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq, bu ali məqsədini yalnız sözdə deyil, atdığı addımlarında təsdiqləyir. Müstəqilliyimizin bərpasından ötən 33 ildə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributlar ölkəmizdə bərqərar olub. Təbii ki, burada söhbət insan hüquqlarının qorunmasından və  zaman-zaman yeni müdafiə mexnizmlərinin müəyyənləşdirilməsindən, söz, mətbuat, ifadə azadlığının təmin edilməsindən, çoxpartiyalı sistemin yaradılmasından, seçkilərin  demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsindən və sair kimi mühüm addımlardan gedir. Bu gün ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir. Keçilən yola diqqət yetirsək görərik ki, dövlətimizin hər bir təşəbbüsü, qəbul etdiyi bütün qərarlar vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Milli Konstitusiyamıza bu günədək əlavə dəyişikliklərin edilməsi məqsədilə üç dəfə ümumxalq səsverməsinin keçirilməsi, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis edilməsi bunun bariz nümunəsidir.  Milli Konstitusiyamızın “Dövlətin ali məqsədi” maddəsinə edilən əlavə dəyişiklik bir daha ölkəmizdə vətəndaş amilinin prioritetliyini təsdiqlədi. Həmin maddəyə edilən əlavəyə görə, dövlətin  ali məqsədi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, onların yüksək rifah şəraitinin təmin edilməsidir. Hazırda cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunların qəbulu və mövcud sənədlərin daha da təkmilləşdirilməsi xüsusilə diqqət mərkəzindədir. Qeyri-Hökumət Təşkilatları milli proqramların hazırlanması və həyata keçirilməsində yaxından iştirak edirlər. Bu da ölkədə vətəndaş cəmiyyətinin formalaşmasına dəlalət edən əsas amillərdən hesab olunur. Etiraf edilməlidir ki, son zamanlar QHT-lər vətəndaşların sosial, siyasi və mədəni hüquqlarının həyata keçirilməsində daha çox yardımçı olmağa cəhd göstərirlər. Bunun nəticəsidir ki, artıq çoxsaylı qeyri-hökumət təşkilatları qanunların aliliyinə, şəffaflığın təmin olunmasına ictimai nəzarətin həyata keçirilməsi sahəsində xeyli ixtisaslaşıblar. Ölkədə həyata keçirilən islahatlar  prosesinin qanunverici orqanda da öz əksini tapmasına xüsusi diqqətin göstərilməsi  Azərbaycanın siyasi rəhbərliyinin hüquqi dövlət kimi hər bir yeniliyin ölkəmizdə tətbiq olunmasında maraqlı olduğunu nümayiş etdirir.

Millət vəkili onu da qeyd edib ki, vətəndaş cəmiyyətinin formalaşması və hüquqi cəmiyyət üçün görülən işlər təqdirəlayiqdir:

Hüquqi dövlətin inkişafını təbii ki, vətəndaş cəmiyyəti olmadan, mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Vətəndaş cəmiyyəti  və hüquqi dövlət anlayışları bir-biri ilə vəhdət təşkil edir. Ölkəmizdə vətəndaş cəmiyyətinin əsas atributlarından olan qeyri-hökumət təşkilatları demokratik cəmiyyətin formalaşmasında və inkişafında böyük rol oynayır. Azərbaycanda siyasi partiyaların, ictimai birliklərin normal fəaliyyəti üçün zəruri olan bütün addımlar atılır. Ümumilikdə hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə sıx bağlıdır. Bu sahədə də təkmilləşmə diqqətdən kənarda qalmır. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı reallıqlar əsasında yeni dövrə qədəm qoyan Azərbaycan bütün sahələrdə təkmilləşməyə daha da çox maraq göstərir. Azərbaycan hər zaman yenilikçi, innovasiyalar ölkəsi kimi tanınır və nüfuz qazanır. “Media haqqında” yeni qanunun qəbulu azad mətbuatın inkişafına yönələn addımlar sırasındadır. Siyasi sistemin təkmilləşdirilməsinə yönələn addımlar sırasında yeni “Siyasi partiyalar haqqında” Qanunun qəbulunu qeyd edə bilərik. 2019-cu ildə  Prezident Administrasiyasında yeni  Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması da özündə mühüm məqamları ehtiva edir. Qeyd etdiyimiz kimi, siyasi sistemin təkmilləşdirilməsi, siyasi dialoq mühitinin inkişaf etdirilməsi daim qarşıda dayanan əsas çağırışlar sırasında olub. Tarixi Zəfərimiz ölkədə vətəndaş birliyinin yüksək səviyyədə olmasına bir daha işıq saldı. 50-dən artıq siyasi partiyanın  bir araya gələrək dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətə dəstəklərini ifadə etmələri bu birliyin, həmrəyliyin təqdimatı oldu. Hər bir ölkənin inkişafında əhəmiyyətli rol oynayan seçkilərin demokratikliyinin təmin edilməsi üçün dövlətimizin atdığı addımlar beynəlxalq səviyyədə təqdir edilir. Son müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident və parlament seçkiləri  Azərbaycanın demokratik inkişaf tarixinə daha parlaq səhifələri yazdı.

Ümumilikdə  vətəndaş cəmiyyətinin  formalaşması və hüquqi cəmiyyət üçün görülən işlər təqdirəlayiqdir. Dövrün tələblərinə uyğun olaraq aparılan islahatlar vətəndaş cəmiyyətinin daha da inkişafını təmin edir.  Bu mühüm məqamı da xüsusi vurğulamaq lazmdır ki, Azərbaycan  müxtəlif xalqları, ölkələri bir araya gətirən tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınır.  Azərbaycanda bütün xalqların, millətlərin nümayəndələri dostluq, qardaşlıq, sülh şəraitində yaşayırlar".

 

 

Fidan Əliyeva

6.3.1. Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Yazı Medianın İnkişafı Agentliyinin tədqiqatı ilə hazırlanıb

 

 


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin