"Böyük sevinclə yurdumuza qayıdırıq" - Şuşa sakini

10:02 - 8 Oktyabr 2024

"32 il sonra Şuşaya dönməyin sevincini duymaq çox gözəldir. Böyük sevinc və qürurla evimizə, ocağımıza qayıdırıq".

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri bu gün Şuşa şəhərinə köçən sakin Rəhilə Əsədova bildirib.

O deyib ki, ötən 32 ili sadəcə torpaq həsrəti ilə yaşayıb: "Amma hər zaman ümidli olmuşuq, həmişə inanmışıq ki, yenidən öz evimizə, Şuşamıza qayıdacağıq. Bu illər ərzində bütün sözümüz, söhbətimiz ancaq Şuşa olub.

Şuşanın havası gözəldir, suları cana dərmandır, torpaqları münbitdir. Hətta mən deyərdim ki, nə istəsəniz, nə axtarsanız, hamısı Şuşada var. Bu günə qədər mənfur düşmənlərimiz onlardan istifadə edirdi. Amma şükür edirik ki, torpaqlarımız yenidən əzəli, əbədi sahiblərindədir".

R.Əsədova bildirib ki, uzun illərdir görmədiyi yerləri yenidən görəcəyi üçün çox xoşbəxt və həyəcanlıdır: "Şuşada gedib görəcəyimiz, ziyarət edəcəyimiz yerlər çoxdur. Oranın hər qarışı doğmadır. Biz öz ocağımıza geri dönürük. Arzu edirəm ki, bir qarış belə olsa torpağımız düşmənə qalmasın. O torpaqlarda bir daha güllə səsi eşidilməsin."

"Bu günü yaşamaq çox sevinclidir. Bu sevinci bizə yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevə, Ordumuza, igid əsgərlərimizə təşəkkür edirik. Qazilərimizə cansağlığı diləyirik. Qoy sülh içində yaşadığımız, torpaqlarımıza qovuşduğumuz bu günlər əbədi olsun",- sakin əlavə edib.


Xəbər xətti

21 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin