Gəncəyə ikinci raket hücumundan 4 il ötür

09:54 - 5 Oktyabr 2024

Gəncəyə ikinci raket hücumundan 4 il ötür

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.

 

Manset.az xatırladır ki, 2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşə tutulub.

Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Beyləqan şəhərinə də iki raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb. Həmin gün təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.

Belə ki, 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisində əhalinin kompakt olduğu məntəqələri də atəşə tutub.

İşğalçı ölkənin Silahlı Qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına raketlər düşüb. Raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı şəhid olub, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmçinin infrastruktura da ciddi ziyan dəyib. Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Bərdə rayonu və şəhər mərkəzi isə İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə üç dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin