"Xankəndiyə ən böyük köç Qarabağ Universiteti tələbələrinin simasında reallaşıb" - Şahin Bayramov

16:27 - 4 Oktyabr 2024

Qarabağ Universitetinin rektoru Şahin Bayramov İncəsənət, İqtisadiyyat, Pedaqoji, Turizm, Humanitar və sosial elmlər, Mühəndislik fakültələrinin və Sabah qruplarının tələbələri ilə silsilə görüşlər keçirib. 

 

Manset.az xəbər verir ki, görüşlərin keçirilməsində məqsəd tələbələrə universitetin elmi və pedaqoji istiqamətdə qarşısında duran prioritet məsələlər barədə məlumat vermək, həmçinin onları bu prosesə daha yaxından cəlb etməkdən ibarətdir.

Rektor tələbələri salamlayaraq Qarabağ Universitetinin akademik simasının yaradılması və brendə çevrilməsində fəal iştirak etməyə çağırıb. O əlavə edib ki, birinci hədəf tələbələri yüksəkixtisaslı kadr kimi formalaşdırmaqdır və bunun üçün Universitetdə hər bir şərait yaradılıb. Bildirilib ki, Qarabağ Universitetini yeni dövrün müasir ali təhsil ocağı olaraq qurmağın əsas yolu elmi-tədqiqatlara maraq göstərməkdən keçir.

Ş.Bayramov xarici dil və ixtisaslar üzrə çoxşaxəli biliklərə yiyələnməyin əhəmiyyəti, Xankəndi şəhərində yaşamağın yaratdığı qürur və məsuliyyət barədə məqamları tələbələrin diqqətinə çatdıraraq qeyd edib ki, bu ərazilərə ən böyük köç Qarabağ Universiteti tələbələrinin simasında reallaşıb.

Rektor universitetin inzibati və müəllim heyətinin hər zaman tələbələrə dəstək olacağını vurğulayaraq, onlara tələbə həyatlarında uğurlar arzulayıb.

Tələbələr görüşlərdə həm sosial, həm də təhsil həyatı ilə bağlı təkliflərini səsləndirib, bu barədə rektorla fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Universitet rəhbərliyi tərəfindən bu istiqamətdə görüşlərin müxtəlif formatda mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulub.



Xəbər xətti

4 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin