“Əziz Şuşa, sən azadsan!” eşitdiyimiz gün... - VİDEO

08:24 - 8 Noyabr 2021

“Əziz Şuşa, sən azadsan!” eşitdiyimiz gün... - VİDEO

Şuşa şəhərinin işğaldan azad edilməsinin 1 ili tamam olur.

 

Manset.az xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edilib.

Şuşanın azad edilməsi xəbərini Ali Baş Komandan İlham Əliyev Bakıda Şəhidlər Xitabanında xalqa müraciətində açıqlayıb.

Dövlət başçısının bir il öncəki müraciətini xatırlayaq:

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!

Bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq.

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Şuşanın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Hazırda Şuşada quruculuq-bərpa işləri aparılır.

Xatırladaq ki, Şuşa 8 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. 


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin