İçərişəhərə maşınla girmək qadağan edilir - RƏSMİ

15:10 - 2 Oktyabr 2024

İçərişəhərə maşınla girmək qadağan edilir - RƏSMİ

Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində şəhər sakinləri və qonaqların hərəkətinin təhlükəsizliyini və rahatlığını artırmaq məqsədilə İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı mühüm dəyişikliklər təklif edilir.

 

Manset.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, AYNA-nın mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, mənzərəni tam araşdırmaq üçün uzun müddət hərəkətin intensivliyinin monitorinqini həyata keçirib və nəqliyyat üzrə xüsusi proqram təminatı vasitəsilə simulyasiya da təşkil ediblər.

"Müfəssəl təhlillər əsasında AYNA tərəfindən təkliflər hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. İslahatlar İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılmasını, Qoşa Qala Qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılmasını, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını, burada piyada zonası və mikromobillik zolaqlarının yaradılmasını, eləcə də İçərişəhər ərazisinin sakinlərin və ərazidəki diplomatik nümayəndəliklərin avtomobilləri istisna olmaqla, bütün avtomobillərin hərəkəti üçün bağlanmasını nəzərdə tutur. Beynəlxalq təcrübəyə də nəzər salsaq, görərik ki, Rotterdamdakı Leynban küçəsi, Kopenhagendə Ströget piyada zonası, Moskvanın Arbat küçəsi, Londondakı Trafalqar meydanı və bir çox başqaları avtomobillərin hərəkəti üçün tamamilə və ya qismən bağlıdır - bu ərazilərdə prioritet piyadalara verilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də təklifləri hazırlayarkən Bakının sakinlər üçün şəhərə çevrilməsi konsepsiyasını rəhbər tutub", - AYNA-nın sədri  bildirib.


Xəbər xətti

2 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin