Sentyabrın 29-u Beynəlxalq Lal-Karlar Günüdür

09:40 - 29 Sentyabr 2024

Sentyabrın 29-u Beynəlxalq Lal-Karlar Günüdür

Hər il sentyabrın son bazar günü Beynəlxalq Lal-Karlar Günü kimi qeyd edilir.

 

Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, həmin gün 1951-ci ildə Lal-Karların Dünya Federasiyasının yaradılması şərəfinə təsis edilib və onun başlıca hədəfi karların üzləşdikləri gündəlik problemlərlə bağlı cəmiyyətin məlumatlandırılmasıdır.

1760-cı ildə Fransada rahib de-Lepe Parisdə lal-karlar üçün ilk məktəbin əsasını qoyub. O, mimikalarla danışıq üsulunun banisi, jest dilinin böyük tərəfdarı idi.

Statistikaya görə, dünyada təxminən 466 milyon nəfər eşitmə problemlərindən əziyyət çəkir. Bu, dünya əhalisinin 5 faizindən çoxu deməkdir və onların yarıdan çoxu eşitmə qabiliyyətinin itirilməsindən əziyyət çəkir. Eşitmə problemləri daha çox travma, xəstəlik və ya anadangəlmə çatışmazlıqlar nəticəsində yaranır.

Lal-karların qapalı və ünsiyyətsiz olduqları barədə deyilənlər həqiqətə uyğun deyil. Halbuki lal-kar olmasına baxmayaraq, onlarca məşhurun adlarını sadalamaq mümkündür. Məsələn, İntibah dövrünün şairi Pyer de Ronsarı “fransız şairlərinin şahzadəsi” adlandırırdılar, o həm də gözəl qılıncoynadan və rəqqas idi.

Tarixdə başqa məşhurların da adı var. Məsələn, fransız yazıçısı Viktor Hüqo, bəstəkar Lüdviq van Bethoven, italyan rəssamı Antonio Stanoli, fransız heykəltəraşı Klod-Andre Desen, fransız filosofu və yazıçısı Jan Jak Russo və başqalarının adlarını çəkmək olar.

Hər il Beynəlxalq Lal-Karlar Federasiyasının çağırışı ilə eşitmə pozulmasından əziyyət çəkən insanların problemlərinə siyasətçilərin, hakimiyyət nümayəndələrinin, kütləvi-informasiya vasitələri işçilərinin və ictimaiyyətin diqqətini yönəltmək üçün müxtəlif tədbirlər keçirilir.


Xəbər xətti

29 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin