“COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq” - Nazir müavini

13:45 - 28 Sentyabr 2024

“COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq” - Nazir müavini

Bakıda keçiriləcək COP29 tədbirində Xəzərin problemi əsas müzakirə mövzularından olacaq.


Manset.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ümumdünya Dəniz Günü" ilə əlaqədar "Xəzər həftəsi" çərçivəsində Abşeron Milli Parkında keçirilən "Xəzər festivalı"nda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Xəzər dənizinin son 20 ildə səviyyəsi 2.5 metr azalıb:

"Bununla bağlı müxtəlif platformalarda müzakirələr aparılır. Müzakirələrdə ən aktiv ölkələrdən biri də Azərbaycandır. Çünki Azərbaycan da bu problemdən əziyyət çəkir. Son on ildə dünya okeanının səviyyəsi artsa da, ölkəmizdə əksinə olaraq su ehtiyatları azalıb. Son on ildə dünya okeanının səviyyəsi 10 santimetr artıb. Azərbaycanda isə əksinə iqlim dəyişmələrinin təsirləri su ehtiyatlarının, düşən yağıntının miqdarının, ölkəmizə transfer olunan su ehtiyatlarının azalması ilə müşahidə olunur. Son 30 ildə ölkəyə transfer olunan suların miqdarında azalma müşahidə olunur. Ümumiyyətlə, Azərbaycanın su ehtiyatlarının son 30 ildə azalması 15 faizdən çoxdur. Proqnozlar da narahatedicidir. 2050-ci ilə qədər ən optimist rəqəmlərə görə su ehtiyatlarımız daha 15-20 faiz azalacaq".

Nazir müavini bildirib ki, noyabrda Bakının ev sahibliyi edəcəyi COP29 tədbirində də əsas mövzulardan biri Xəzərin probleminə həsr olunacaq:

"Baş mövzu iqlim maliyyələşməsi olsa da, panel mövzulardan biri Xəzərin problemlərinə həsr olunacaq. Müxtəlif təkliflər səsləndiriləcək ki, Xəzərin problemlərinin həlli üçün hansı addımlar atılmalıdır. Həmçinin azalma əgər qaçılmazdırsa, hansı tədbirlərlə adaptasiya işləri görüləcəyi müzakirə olunacaq"



Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin