Femida könüllülərinin 1 illik HESABATI

10:15 - 25 Sentyabr 2024

Femida könüllülərinin 1 illik HESABATI

“Femida Könüllüləri” Təşkilatı birillik fəaliyyəti ilə bağlı hesabat yayıb.

 

Manset.az-ın məlumatına görə, hesabatda bildirilib ki, cari il ərzində Femida könüllüsü olmaq istəyən 1200-dən çox hüquqşünas gənc tərəfindən müraciət daxil olub. Müraciət edənlərdən 476 nəfər könüllü sıralarına qəbul edilib. Həmin könüllülər müxtəlif istiqamətlər üzrə ümumilikdə 567 fəaliyyətə cəlb olunub. Könüllülük fəaliyyəti çərçivəsində ümumrespublika ərazisində Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası və Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə bağlanan memorandumlara əsasən müxtəlif instansiya məhkəmələri, vəkil qurumları olmaqla 66 dövlət və qeyri-dövlət qurumu əhatə edilib.

Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Mediasiya Şurası ilə bağlanan müvafiq memorandumlara əsasən oktyabr ayından etibarən həmim qurumlarda hüquqşünas gənclərin könüllüllük fəaliyyətinə cəlb olunması nəzərdə tutulur.

Yay ayları ərzində Femida könüllüləri üçün 10-dan çox müxtəlif ixtisas təlimləri keçirilib, 120-dən çox könüllü iştirakçı qismində təlimlərə cəlb edilib.

Femida könüllüləri üçün müxtəlif intellektual, sosial və ixtisas yönümlü aşağıda adları qeyd olunmuş 8 layihə təşkil edilərək ümumilikdə 400-dən çox iştirakçını əhatə edib. 46 iştirakçı “ArbiTrain”

169 iştirakçı “Legal MeetUp”, 33 iştirakçı “Debat Müsabiqəsi”,  72 iştirakçı “Legal Ring”, 35 iştirakçı “Dəyirmi Masa”,  62 iştirakçı isə ⁠⁠ “Femida Könüllüləri Regionlarda” layihələrində içtirak edib.

Bundan başqa, ⁠“Gündəlik Hüquq” və “Femida TV” layihələri çərçivəsində sosial media şəbəkələri vasitəsilə 20.000-dən çox vətəndaş hüquqi maarifləndirməyə cəlb edilib.

Həmçinin Femida könüllülərinin gələcək şəxsi və peşəkar inkişaflarının artırılması, müxtəlif birgə layihələrin həyata keçirilməsi məqsədilə “Femida Könüllüləri” Təşkilatı və Azərbaycan Hakimlər İttifaqı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında əməkdaşlıq əlaqələri yaradılıb..

Hesabatda qeyd olunub ki, bütün bu işlər hüquqşünas gənclərlə iş üzrə milli modelin formalaşdırılması və xalqına, dövlətinə yararlı gənc hüquqşünasların yetişdirilməsi istiqamətində icra edilmiş və bundan sonra da ediləcək.

Hesabatın sonunda “Femida Könüllüləri” Təşkilatının yaranmasında və fəaliyyətində daim dəstək göstərən Azərbaycan Respublikasının Ali Məhkəməsinə, həmçinin yuxarıda qeyd edilən bütün fəaliyyətlər zamanı gənclərə köməklik göstərən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Mediasiya Şurası, kütləvi informasiya vasitələri, həmçinin digər qurum və şəxslərə təşəkkür edilib.


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin