“Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır” - Kamaləddin Qafarov

09:48 - 25 Sentyabr 2024

“Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır” - Kamaləddin Qafarov

“Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. Bu iclasda iştirak edən Ölkə Prezidenti İlham Əliyev söylədiyi nitqində bu il Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərinin mahiyyəti və əhəmiyyəti barədə önəmli açıqlamalar verməklə yanaşı, ölkənin qarşısında duran əsas vəzifələr, eləcə də digər vacib məsələlər barədə mühüm fikirlər səsləndirdi”.


Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında çıxışı ilə əlaqədar Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, builki seçkilər müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkəmizin bütün ərazisində keçirilən tarixi hadisə kimi qiymətləndirilməlidir. “Cənab Prezident bununla bağlı İkinci Qarabağ müharibəsinin və suverenliyimizin tam bərpa edilməsinin dünya miqyasında tarixi hadisə olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açmışdır. Həqiqətən də son 3-4 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri xüsusilə möhkəmlənmiş, ölkəmizin parlaq qələbələr sayəsində əldə etdiyi nəticələri isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiya və xarici siyasət xətti nəticəsində bütün dünya qəbul etmişdir. Əlbəttə ki, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək istəməyən müəyyən ölkələr və dairələr hələ də var. Lakin onların bütün səyləri nə dövlətimizin, nə də xalqımızın iradəsinə qətiyyən təsir edə bilməz.”

Fikirlərini davam etdirən deputat Prezident İlham Əliyevin Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin etmək üçün ölkə qarşısında duran əsas vəzifələrin mahiyyəti barədə səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib: “Cənab Prezident əldə olunan uğur və nailiyyətləri qeyd etməklə yanaşı, eyni zamanda da bildirdi ki, bu gün bizə qətiyyən arxayınlaşmaq, sayıqlığı itirmək olmaz. Azərbaycanın inkişaf etməsi, xalqın bundan sonra da təhlükəsiz həyatının təmin olunması üçün qarşıda duran vəzifələr yüksək effektivliklə icra edilməli, ölkə öz gücünü artırmalıdır. Bu baxımdan ən mühüm vəzifə hərbi gücün artırılmasıdır. Çünki dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması, Azərbaycanın ətrafında gərginliyin artması və ən əsası, Ermənistanda revanşizm meyllərinin xaricdən də təhrik olunması ölkəmizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Dövlət başçımızın dediyi kimi, hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Ermənistan və onun arxasında duran bütün qüvvələr bilməlidir ki, Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. Buna görə də ölkəmiz hər an istənilən təhdidə layiqli cavab verməyə hazır olmalıdır”.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin