Türkiyə-Azərbaycan Universiteti tələbə seçimini müstəqil aparacaq - SƏRƏNCAM

16:12 - 23 Sentyabr 2024

Türkiyə-Azərbaycan Universiteti tələbə seçimini müstəqil aparacaq - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb.

 

Manset.az xəbər verir ki, sərəncamda deyilir:


"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 aprel tarixli 35 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasında ali təhsil sisteminin təkmilləşdirilməsi və Türkiyə Respublikasının nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi, eləcə də Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmədən Azərbaycan Respublikasında aparıcı dövlətlərin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə qərara alıram:

1. Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilsin.

2. Müəyyən edilsin ki, Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan Respublikasının ali təhsil müəssisələri:

2.1. tətbiq etdikləri Türkiyə Respublikasının müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını həmin ali təhsil müəssisələri ilə birgə idarə etmək hüququna malikdirlər;

2.2. maddi-texniki baza imkan verdiyi hallarda Türkiyə–Azərbaycan Universiteti üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Türkiyə–Azərbaycan Universitetində dövlət hesabına təhsil alan tələbələrin sayını hər tədris ili üçün müəyyən etsin;

3.2. Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin