Gürcüstanda əhalinin siyahıyaalınması başladı - Vətəndaşlığı olmayan şəxslərə də aiddir

12:35 - 23 Sentyabr 2024

Gürcüstanda əhalinin siyahıyaalınması başladı - Vətəndaşlığı olmayan şəxslərə də aiddir

Gürcüstanda əhalinin ümumi siyahıyaalınması başlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin rəhbəri Qoqida Todradze məlumat verib.

“Bütün ölkə üzrə siyahıyaalma noyabrın 14-dən dekabrın 19-dək nəzərdə tutulub, lakin bəzi yüksək dağlıq və gediş-gəliş çətin olan yaşayış məntəqələrində hava şəraitinin mümkün pisləşməsi və kəskin meteoroloji şəraitlə əlaqədar siyahıyaalma sentyabrın 19-dan oktyabrın 8-nə qədər davam edəcək”, – Todradze bildirib.

Məlumat elektron planşetlərdən istifadə etməklə toplanır. Todradzenin qeyd etdiyi kimi, siyahıyaalma ilk dəfədir ki, müasir texnologiyalardan istifadə edilməklə aparılacaq.

Statistika xidmətinin rəhbərinin sözlərinə görə, siyahıyaalma təkcə Gürcüstan vətəndaşlarını deyil, həm də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri əhatə edəcək. Noyabrın 14-də başlayacaq siyahıyaalmanın əsas hissəsinin ilk 10 günündə vətəndaşlar özləri haqqında məlumatları müstəqil olaraq statistika xidmətinin internet saytına daxil etmək imkanı əldə edəcəklər. Elektron sorğu vərəqələrini təkbaşına doldurmaq istəməyən və ya doldura bilməyən vətəndaşlara xidmət əməkdaşları tərəfindən məlumatların toplanması üçün baş çəkiləcək.

Qeyd edək ki, Gürcüstanda əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir. 2014-cü ilin məlumatlarına görə, Gürcüstanın əhalisi 3,7 milyon nəfərdir. 

 

 

Fidan Əliyeva

Manşet.az

 


Xəbər xətti

30 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin