Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyəti bizim qürur mənbəyimizdir

12:48 - 20 Sentyabr 2024

Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, elm və mədəniyyəti bizim qürur mənbəyimizdir

Cənubi Qafqazda Yer üzünün əngin səmalarında qartal kimi süzülən müstəqil bir dövlət var. Dünyanın ən qədim yayayış məskənlərindən biri olan bu torpaqlar mədəniyyətin beşiyi olmaqla yanaşı, uğrunda gedən bir çox döyüşlərə də şahid olmuşdur.

5 min illik tarixə malik olan Azərbaycan öz adət-ənənələri, elm və mədəniyyəti ilə dünyanın sayılıb-seçilən ölkələri arasında özünə yer tutmağı bacarıb. Bu gün öz sözünü deməyi bacaran Azərbaycan buna öz tarixinə, dəyərlərinə, adətlərinə sahib çıxaraq nail olub.

Nəsillər bir-birini əvəz etsə də, adət-ənənələrimizin qorunmasında, onun gələcək nəsillərə çatdırılmasında hər bir Azərbaycan vətəndaşının çiyninə böyük məsuliyyət düşür. Çünki bir xalqı digər xalqlardan fərqləndirən onun özünəməxsus adətlərinin, dəyərlər sisteminin, elm və mədəniyyətinin olması və onu yaşatmasıdır. Bundan sonra da öz tariximizin, mədəniyyətimizin unudulmaması üçün onun təbliği hər bir azərbaycanlının prioritet vəzifələrindən biri olmalıdır. Vətənə, millətə sevgi hissi ilə uşaqları böyütmək, onlara öz dəyərlərimizi ta uşaq yaşlarından aşılamaq lazımdır.

Bu işdə bizim təhsil ocaqlarımızın -  məktəblərin, liseylərin, ali təhsil müəssisələrinin də rolu böyük və danılmazdır. Çünki insanın düşüncə tərzinin formalaşmasında, onlara hansısa fikirlərin aşılanmasında təhsilin, müəllimlərin fəaliyyəti əsasdır.

Mövzü ilə bağlı Manset.az-a müsahibə verən  VI çağırış Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Hikmət Babaoğlu bildirib ki, dövlətçiliyimizin, tariximizin təbliği sahəsində görülən işlər təqdirəlayiqdir: 

Azərbaycanın siyasi sistemi mühüm bir inkişaf dinamikası göstərdi - Hikmət Babaoğlu

"İstənilən dövrdə bir cəmiyyətin inkişafı üçün, milli dəyərlərin təbliğinə, adət - ənənələrin təbliğinə, ailə institutunun qorunmasına və azərbaycançılıq ideyasının mənimsənilməsinə çox böyük ehtiyac duyulur. Çünki sadaladığımız amillər nəticə etibarilə bir cəmiyyətin monilitliyini təmin edən mənəvi ideoloji komponentlərdir. Məhz bu səbəbdən həmin amillər Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir.

Ümumiyyətlə, milli adət - ənənələrimizin qorunması məsələsi ictimai və sosial münasibətlərimizdə mənəvi və əxlaqi dəyərlərin inkişafını təmin etməkdə mühim bir vasitə hesab olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları daima öz çıxışlarında bizi tarixi zəfərə aparan yolda mənəvi dəyərlərimizi, tarixi təfəkkürümüzü, milli yaddaşımızı önə çəkərək qeyd edir ki, bizi qələbəyə aparan məhz bu amillərdir.

Digər bir məsələ ondan ibarətdir ki, ölkəmizdə nəsillərarası yaddaş mübadiləsi düzgün təşkil olunub.

Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, islam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir.

Təşkil olunma məsələsi bir tərəfdən təhsil müəssisələri vasitəsilə aparılırsa, digər tərəfdən vətəndaş cəmiyyətinin institutları bu prosesi həyata keçirirlər. Əlavə olaraq Azərbaycanın elektron mediası bu prosesin həyata keçirilməsində böyük səy göstərir. İkinci Qarabağ müharibəsi zamanı dövlətimizin media nümayəndələri tərəfindən aparılan informasiya müharibəsi və bu mübarizənin qalibi olmaq söylədiyim fikrin ən bariz nümunəsidir. Yəni milli yaddaşımızın, milli adət-ənənələrin və milli əxlaqın yeni nəsillərə ötürülməsilə bağlı atıaln addımlar çox uğurlu şəkildə davam edir.

Sözsüz ki, bu istiqamət yalnız daxili siyasətlə məhdudlaşmır. Məsələnin beynəlxalq tərəfi də var ki, burada xüsusi olaraq Heydər Əliyev Fondunun fəaliyyətini vurğulamaq lazımdır".

Hikmət Babaoğlu onu da qeyd edib ki, Qarabağı heç görməyən gənclər belə Qarabağda doğulub-böyüyən insanlar qədər o toparpaqları sevirlər və daim qorumağa hazırdırlar:

"Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin, musiqisinin, mətbəx və məişət mədəniyyətinin dünyada tanınmasında çox böyük rol oynayır. Məsələ ondadır ki, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana aid musiqi nümunələri, tarixdi abidə və dini abidə nümunələri, məişət və mətbəx nümunələri tanındıqdan sonra bir növ bumeranq şəklində özümüzə yenidən qayıdır və bu milli yaddaşımızın yenilənməsinə səbəb olur. Bütövlükdə isə Azərbaycanın bütün dövlət və ictimai instutları bu məsələnin öhdəsindən layiqincə gələ bilirlər.

Mədəniyyət bir xalqın əldə etdiyi maddi və mənəvi nemətlərin məcmusudur. Milli mədəniyyət dedikdə milli yaddaşın mövcud olduğu tarixdən bu günə qədər əldə etdiyimiz maddi və mənəvi nə varsa onların cəmi  bizim mədəniyyətimizi təşkil edir. Bu mənada hər şeydən öncə milli mədəniyyətin öyrənilməsi və  daha sonra onun tanınması labüddür.

Mənim fikrimcə, Azərbaycanda bu istiqamətdə aparılan işlərin təşkili olduqca səmərəlidir. Yəni həm milli mədəniyyətin xalqa ötürülməsi ilə bağlı, həm də beynəlxalq miqyasda tanınması ilə bağlı çoxsaylı və təqdirəlayiq addımlar atılır. Əlbəttə, biz bu zaman Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən müxtəlif məhsular  tədbirləri misal gətirə bilərik. Əlavə olaraq Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ölkəmizin milli mədəniyyətin dünyada tanınması ilə bağlı böyük naliyyətlərə imza atır. Həmçinin ayrı- ayrı ölkələrdə yaşayan diaspora nümayəndələrimiz milli bayramlarımız və önəmli günlərimizdə bağlı müxtəlif tədbirlər keçirir və beləliklə, Azərbaycan mədəniyyətinin dünyada tanınması hadisəsi baş verir.

Əlbəttə biz bu barədə müzakirələr aparan zaman YUNESKO və İSESKO ilə Azərbaycanın qarşılıqlı əlaqələrini də əlavə etməyi unutmamalıyıq. Çünki həmin təşkilatlar Birləşmiş Millətlər Təşkilatının (BMT) məhz mədəniyyət üzrə ixtisaslaşmış insitutlarıdır ki, Azərbaycan belə insitutlarla da öz işini yüksək səviyyədə qurmağı bacarır. Ali Baş Komandan cənab İlham Əliyev çıxışlarından birində demişdir ki, bizi Qarabağa qaytaran tarixi yaddaşımız və Qarabağı görməyən gənclərimiz olub.

Zənnimcə, bu iki fikir bir-biri ilə əlaqəlidir və vahid tamın iki komponentidir. Yəni yeni nəsilə vətənpərvərlik ruhunun ötürülməsi ilk növbədə yaddaş məsələsidir. Bu o deməkdir ki, tarixi yaddaş milli yaddaşın əsas komponentidir və məncə dövlətimiz bu istiqamətdə də böyük inqilabi işlər görməyi bacarıb.

Bu gün hər yaş kateqoriyasına aid insanlar çox böyük qürur və sevgi hissi ilə yenidən öz topraqlarına geri dönürlər. Qarabağı heç görməyən gənclər belə Qarabağda doğulub -böyüyən insanlar qədər o torpaqları sevirlər və daim qorumağa hazırdırlar. Sözügedən prosesin həyata keçməsində dövlət və ictimai insitutların rolu danılmazdır. Bu isə Azərbaycan xalqının ümumi əziyyəti və nailiyyətidir".

 

 

Fidan Əliyeva

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği;

Yazı Medianınİnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin