COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
22:34 - 18 Sentyabr 2024
Sentyabrın 18-də Milli Musiqi Gününün daha bir tədbiri Üzeyir Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasında (BMA) gerçəkləşib.
Manset.az xəbər verir ki, BMA-nın rektoru Xalq artisti Fərhad Bədəlbəyli bu günün böyük bir bayram olduğunu söyləyib: "Üzeyir Hacıbəyli bizim üçün müqəddəs insandır. Bir xoşbəxtik ki, onun adını daşıyan təhsil ocağında çalışırıq. Bu gün məzunlarımız bütün dünyada uğurla çıxış edirlər. Bütün uğurlarımız Üzeyir bəyin adı ilə bağlıdır".
BMA-nın kafedra müdiri Xalq artisti Xuraman Qasımova Üzeyir Hacıbəylinin ata yurdu azad Şuşada böyük festivalların keçirildiyini söyləyib: "Bizə bu xoşbəxtliyi yaratdığına görə Prezident İlham Əliyevə təşəkkür edirik".
Mədəniyyət nazirinin müavini Murad Hüseynov dahi bəstəkarın zəngin yaradıcılığından, musiqi mədəniyyətimizin tarixindəki rolundan danışıb. Üzeyir Hacıbəyli musiqisinin şöhrəti bir əsrdən çoxdur ki, dünyanı dolaşır, mötəbər səhnələrdə səsləndirilir və böyük rəğbətlə qarşılanır.
BMA-nın kafedra müdiri filologiya elmləri doktoru, professor Tərlan Quliyev bu il anadan olmasının 530 illiyi qeyd edilən dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin yaradıcılığından nümunə səsləndirib.
Daha sonra BMA-nın qarşısında Üzeyir bəyin abidəsi ətrafında konsert proqramı təqdim olunub.
Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri (bədii rəhbər və dirijor: Əməkdar incəsənət xadimi, polkovnik Rüfət Axundzadə), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova), Əməkdar artist Xəyyam Mustafazadə, solistlər Aynur İsgəndərli, Kənan Qədimov çıxış ediblər.
Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından “Rəqs”, "Ey Vətən", M.Maqomayevin “Odlar yurdu”, F.Bədəlbəylinin “Anamız Azərbaycan”, R.Axundzadənin “Qələbə marşı” əsərləri və “Heyratı” zərbi muğamı səsləndirilib.
İfa olunan bütün musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin