"Nizami Günləri"nin təntənəli bağlanış mərasimi baş tutdu - FOTOLAR

18:41 - 16 Sentyabr 2024

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş "Nizami günləri" layihəsinin təntənəli bağlanış mərasimi keçirilib.

 

Manset.az xəbər verir ki, 11-15 sentyabr tarixlərində keçirilən layihənin sonuncu günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdimatında Nizami məqbərəsinin önündə görkəmli bəstəkar, Xalq artisti Əfrasiyab Bədəlbəylinin "Nizami" operası nümayiş etdirilib.

 Tamaşanın bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış edərək "Nizami günləri" layihəsini yüksək qiymətləndirərək layihənin nəinki Gəncə, ölkəmiz üçün mədəni hadisəyə çevrildiyini vurğulayıb. 

"Nizami" operasında Əməkdar artistlər Ramil Qasımov (Nizami), İnarə Babayeva (Rəna), Tural Ağasıyev (Lal), solistlər Mahir Tağızadə (Atabəy), Taleh Yahyayev (Qızıl Arslan), Elmir Rüstəmov (Sərkərdə) çıxış ediblər.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu baletmeysteri Əməkdar artist Yuriy Lobaçevdir.

Beş gün davam edən “Nizami günləri” layihəsi möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.



Xəbər xətti

19 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin