"Vikipediya"dan şəhid məqalələrini silənlər vətən xaininin dostlarıdır" - Şəhid qardaşı

22:00 - 14 Sentyabr 2024

"Vikipediya"dan şəhid məlumatlarının silinməsi ilə bağlı məlumatı alandan etibarən bu məsələ ilə bağlı araşdırmalara başlamışam. Məlum olub ki, bir günün içində minlərlə şəhidin məqaləsi "Vikipediya"dan silinib. Bunu silənlər isə bir qrup azərbaycanlı gəncdir".

 

Manset.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu deyib.

Onun sözlərinə görə, həmin gənclər "Vikipediya"da qruplaşma yaradıb və şəhid məqalələrinin silinməsini 2020-ci ildən etibarən dəfələrlə müzakirəyə çıxarıblar:

"Lakin onların arasında olan bir neçə vətənpərvər vikipediyaçı gənc buna mane olub. Amma onlar daha sonra həmin vətənpərvər gəncləri də sıradan çıxarıb, öz qruplaşmaları ilə birgə bu mövzunu yenidən gündəmə gətiriblər. Nəticədə 3000 şəhidin məqaləsi "Vikipediya"dan silinib".

"Bu gənclərin kim olduqlarını araşdıranda, həmin gənclərin zaman-zaman dövlətə xəyanət etdiyi, Ali Baş Komandana qarşı çıxdığı aydın şəkildə görünür. Həmin şəxslər bir neçə gün bundan əvvəl düşmənin xüsusi xidmət orqanlarına məlumatlar ötürməkdə ittiham olunan, dövlətə xəyanət edən Bəhruz Səmədovun yaxın dostlarıdır. Şəhid ailələri olaraq düşünürük ki, həmin vikipediyaçı gənclər şəhid məqalələrini "Vikipediya"dan silməklə dövlətə və şəhid ailələrinə qarşı hörmətsizlik ediblər. Bu gənclərin ən ağır şəkildə cəzalandırılması üçün şəhid ailələri hüquq mühafizə orqanlarına rəsmi şəkildə müraciət edəcəklər", - deyə müsahibimiz vurğulayıb.

İslamoğlunun sözlərinə görə, bu hadisədən minlərlə şəhid ailəsi məyus olub: "Şəhid anaları isə bu məsələ ilə bağlı həddindən artıq özlərini pis hiss edirlər. Düşünürəm ki, şəhid məqalələrini "Vikipediya"dan silənlər, bununla həm də dövlətə qarşı təxribat törədiblər. Bu şəxslər haqqında araşdırma başladılmalıdır. Onların fəaliyyətləri, xarici ölkələrə gedəndə kiminlə görüşdükləri, eləcə də ölkə daxilində daha hansı təxribatları törətmək planlarının olduğu araşdırılmalıdır. Ölkəmizdə keçiriləcək COP29 ərəfəsi və hazırda ölkəmizdə keçirilən "Formula-1" yarışları zamanı, eləcə də məhz düşmənin məhv edildiyi sentyabr ayında şəhid məqalələrinin silinməsi cəmiyyətdə çaşqınlıq yaratmaq, şəhid ailələri ilə dövləti üz-üzə qoymağa hesablanıb. Ona görə də aidiyyəti qurumlardan bu məsələnin ciddi şəkildə araşdırılmasını, həmin şəxslərin isə cəzalandırılmasını tələb edirik".

"Mənim qardaşım şəhid mayor Vüsal Vəliyev Vətən müharibəsi zamanı Şuşada şəhid olub. 1 ordeni, 7 medalı var. Haqqında kitab çap olunub. Barəsində "YouTube" və "Google" platformalarında yüzlərlə məqalə və filmlər var. Onun xatirəsini əbədiləşdirmək üçün xatirə bulağı inşa edilib. Amma bütün bu məlumatlara baxmayaraq, qardaşımın da məqaləsi "Vikipediya"dan silinib. Eləcə də, qardaşım kimi yüzlərlə, minlərlə qəhrəmanlıq göstərən, orden və medalları olan, adları küçələrə, məktəblərə verilən, xatirələrinə bulaqlar inşa edilən, haqqında kitablar, məqalələr hazırlanan digər şəhidlərin də məqalələri bir anda "Vikipediya"dan silinib", - deyə müsahibimiz əlavə edib.



Xəbər xətti

18 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin