"Krım Ukraynaya təhvil verilməlidir" - Ərdoğan

15:51 - 11 Sentyabr 2024

Prezident Ərdoğan Ukraynanın Krım bölgəsi ilə bağlı açıqlama verib və Krımın Ukraynaya aid olduğunu bildirib. Ərdoğan, “Krım tatar türklərimizin təhlükəsizliyinin və rifahının təmin edilməsi xarici siyasətimizin prioritetləri sırasındadır” deyib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğan IV Krım Platforması Liderlər Zirvəsinə video müraciət göndərib.

Ərdoğan mesajında, "Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyimiz davam edir. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir. Krımın yerli xalqlarından biri olan Krım tatar türklərimizin təhlükəsizliyinin və rifahının təmin edilməsi xarici siyasətimizin prioritetləri sırasındadır. Krım tatar türkləri öz vətənlərində azad yaşamalıdırlar” deyə bildirib.

Ukrayna hökumətinin Krım tatar türklərinin hüquqlarını gücləndirmək üçün irəli sürdüyü hüquqi tənzimləmələrdən məmnunluğunu ifadə edən Ərdoğan deyib:

"Qarşıdakı dövrdə Krım tatar türklərinin hüquqlarının gücləndirilməsi istiqamətində əlavə addımların atılacağına inanıram. Krım tatar türklərinin öz vətənlərində azad, təhlükəsiz və dinc yaşamaq hüququ var.

Krım Tatar Milli Məclisinin sədr müavini Neriman Cəlalın 3 ilə yaxın əsirlikdən sonra iyun ayında azadlığa buraxılması sevindirici haldır. Asan və Əziz Əhmədov qardaşları da daxil olmaqla bütün Krım tatar soydaşlarımızın tezliklə azadlığa qovuşmasını gözləyirik.

Səmimi arzumuzdur ki, müharibə Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında ədalətli və davamlı sülhlə başa çatsın. Sözlərimi yekunlaşdırarkən ümid edirəm ki, platforma çərçivəsində həyata keçirdiyimiz işlər Krımda, Ukraynada və regionumuzda sülhün təmin edilməsi istiqamətində beynəlxalq səylərə töhfə verəcək”.


Xəbər xətti

17 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin