Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
21 Noyabr 2024
09:09 - 6 Sentyabr 2024
2024-cü ilin yanvarında metronun "Koroğlu" stansiyasının yaxınlığındakı ticarət köşklərindən birində qətl törədilməsi ilə bağlı Nizami Rayon Polis İdarəsi və Prokurorluğuna məlumat daxil olub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə yerinə gələn hüquq mühafizə orqanı əməkdaşları məlumatda göstərildiyi kimi, həmin ticarət köşkünün daxilində təxminən 30-35 yaşında olan kişi meyitinin olduğunu aşkar ediblər.
Ona boğazından bıçaqla zərbə endirilib
Meyitin şəxsiyyəti polisə məlum olmadığı üçün ilkin dindirmələr hadisə baş verən köşkün satıcısından başlayıb. Qətlin yeganə şahidi olan Flora Əliyeva (ad və soyad şərtidir) istintaqa verdiyi ifadəsində hər şeyin qəfil, qısa bir zamanda baş verdiyini bildirib:
"Həmişə köşkdə alış-veriş edən taksi sürücüsü Elvin (ad şərtidir) nəsə almaq üçün yenə bura gəlmişdi. O, yenicə içəri daxil olmuşdu ki, onun ardınca orta boylu, qarabəniz bir nəfər də daxil oldu. Bir neçə dəqiqədən sonra qəfil nə baş verdiyini heç özüm də bilmədim. Həmin şəxs arxadan Elvinə bıçaqla zərbələr endirməyə başladı. Bir neçə zərbədən sonra Elvin yerə yıxıldı və döşəmənin üstü al qana boyandı. Hadisəni törədən isə dərhal oradan uzaqlaşdı".
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyinə görə, mərhum sol boyun yuxu arteriyasının və qırtlağın kəsilməsi, sol döş qəfəsinin daxilə nüfuz edən yarası nəticəsində baş verən kəskin qan itkisi səbəbindən dünyasını dəyişib. Həmin şəxsin Binə qəsəbə sakini Elvin Rüstəmov (ad və soyad şərtidir) olduğu məlum olub.
Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq tədbirlərinə start verilərkən polisə məlum olub ki, könüllü hüquq mühafizə orqanlarına təslim olan şəxs sözügedən hadisəni törətdiyini etiraf edib və cinayətdə istifadə etdiyi ov bıçağını da polisə təqdim edib.
Məktəbdən ailəyə edilən təəccübləndirici zəng
Qətli törətdiyini etiraf edən Kərim Həsənov (ad və soyad şərtidir) istintaqa ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini vurğulayıb. O, qətlə yetirdiyi Elvin Rüstəmovu əvvəllər tanımadığını və onunla heç bir şəxsi ədavəti olmadığını qeyd edib. Hadisə baş verməmişdən bir neçə ay əvvələ təsadüf edir. Kərim işdə olarkən həyat yoldaşı ona zəng edərək 11-ci sinifdə oxuyan qızları Kübra (ad şərtidir) ilə əlaqədar xəbər verib. Həyat yoldaşı bildirib ki, qızları idman dərsinə girməyib. Buna görə Kərim qızının oxuduğu orta məktəbə gedib və Kübranın həqiqətən də orada olmadığını görüb. Mobil telefonuna zəng çatmadığından ailə üzvləri nə edəcəklərini bilməyiblər.
Kərim ifadəsində bildirib: "Qızım 11-ci sinifdə oxuyurdu. Dinə bağlı olduğu üçün başıbağlı gəzirdi, namaz qılırdı. Buna görə də onun məktəbdən kənar bir yerə getməsini təsəvvür etmirdik. Məktəbdə müəllimələrdən biri onun taksiyə əyləşərək oradan uzaqlaşdığını bildirdi".
Hadisələr bundan sonra başlayıb. Ailə başçısının qızı ilə açıq münasibətinin olmaması səbəbindən Kübranın taksi ilə hara getdiyini öyrənmək anaya həvalə edilib. Kərim ifadəsində qeyd edir: "Qızım evə gələndən sonra hər şey aydın oldu. Anasının onunla söhbətindən bəlli oldu ki, məktəbdə əyləşib getdiyi taksinin sürücüsü Elvinlə bir müddət münasibətləri yaranıb. Elvin əvvəllər də bu qayda ilə onu bir neçə dəfə məktəbdən götürərək aparıb".
Bir neçə dəfə evlənərək boşanmış şəxsin azyaşlı qız sevdası
Kərim Həsənov məsələnin aydınlaşdırılması üçün Elvinin mobil telefonunu taparaq onunla görüşmək istədiyini bir neçə dəfə bildirsə də, qarşı tərəf müxtəlif bəhanələrlə bu görüşdən yayınıb. Qəsəbədə öyrənib ki, Elvin, saysız-hesabsız qızlarla münasibət quraraq onları sonda aldatmaqla tanınmış bir şəxsdir. Hətta onun üç dəfə evlənərək boşandığı barədə söz-söhbətlər yayılıb. Kərim məsələnin daha ciddi olduğunu anlayaraq qızı ilə özü söhbət edib nə baş verdiyini öyrənmək qərarına gəlir. Buna görə də, 11-ci sinif şagirdi Kübra hər şeyi açıb atasına olduğu kimi danışır.
Kübranın istintaqa verdiyi ifadəsindən də bəlli olub ki, onun Elvinlə ilk tanışlığı onun avtomobilindən taksi xidməti kimi istifadə edərkən yaranıb. Kübra ifadəsində bildirib: "Elvinlə birinci tanışlığım onun idarə etdiyi taksi ilə metro stansiyasına gedərkən baş verdi. O, mənimlə olan qardaşımdan yol pulu olan bir manatı alsa da, mənim hicablı olduğumu və özünün də dindar olduğunu deyərək məndən yol pulunu almadı. Bundan sonra da, hazırlığa gedərkən bu hal bir neçə dəfə baş verdi. O hətta arada avtomobildə gözləyərkən mənə çay da alırdı. Bu səbəbdən mənim ona simpatiyam artdı və daha sonra görüşməyə başladıq".
"O mənim azyaşlı qızımın həyatını puç etmişdi"
Kərim qızı Kübra ilə açıq söhbət edərkən ona məlum olub ki, Elvin adi gəzib-dolaşmaq üçün deyil, azyaşlı qızının həyatına təcavüz etdiyi üçün onu məktəbdən götürərək aparıb. Kübra atasına bir dəfə Günəşli qəsəbəsində tanımadığı bir evdə və Binə qəsəbəsindəki "Sovxoz" adlanan ərazidə tanımadığı evlərdə iki dəfə Elvinlə görüşdüyünü və cinsi münasibətdə olduğunu etiraf edib. Əhməd bunları qızından eşidəndən sonra Elvini qəti olaraq həyatdan məhrum etmək qərarına gəlib. Buna görə də, o, "Sədərək" Ticarət Mərkəzindən ov bıçağı alaraq Binə qəsəbəsində Elvinlə rastlaşıb, planını həyata keçirə biləcəyi anı gözləyib.
Kərim ifadəsində bildirib: "O, mənim azyaşlı qızımın həyatını puç edib. Mənim bundan başqa əlacım yox idi. Binə qəsəbəsində onun müştəri götürərək "Koroğlu" istiqamətinə getdiyini gördüm. Başqa avtomobillə mən də o istiqamətə getdim və onu orada marketə girərkən gördüm. Arxasınca mən də girdim".
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Bütün əhəmiyyət kəsb edən sübutlar, şahid ifadələri və təqsirləndirilənin səmimi ifadəsi hüquqi qiymət verilib və Kərim Həsənovun 9 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin