COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
10:38 - 3 Sentyabr 2024
Tanınmış ssenarist və prodüser Fariz Əliyev yeni təyinat aldığı MTV Azərbaycan-dan ayrılıb. Kanalda icraçı direktor əvəzi olan Əliyev bu faktı təsdiqləyib.
Manset.az Olay.az-a istinadən Fariz Əliyevin müsahibəsini təqdim edir.
- Bir müddət öncə MTV-də işə başladınız. Nə baş verib ki, ayrılmısınız, vəzifədən imtina etmisiniz?
- Ya da çıxarıblar...
- Bunu necə ifadə etmək düzgün olar?
- Əslində, bu təklif 3 aya yaxın idi. Birinci mərhələ kanalı tanımaq oldu. Əksər işçilər oraya vəzifəyə gəldiyimi bilmirdi. Biz belə məsləhət bilmişdik. Çünki ola bilsin ki, tanıma mərhələsindən sonra qalmayım. Elə oldu ki, təkliflər planı yazdım, görüşdük, razılaşdıq. İşin gedişatında bu üçüncü imtinam idi. İki dəfə imtina etdim, məni getməyə qoymadılar. Sonda mövsüm başlamamış bu qərarı vermək istədim. Çox fikirləşdim. Yenə də bu qərarımı qəbul etmədilər. Lakin danışdıq, izah etdim ki, mümkün deyil. Çünki mən icraçıdan öncə yaradıcıyam. Əgər mənim istədiyim kimi olmayacaqsa, perspektivdə nəsə görmürəmsə, qalmağım mümkün deyildi.
- Bəs, bu üç imtinanızın səbəbləri nələr idi?
- Aşağı-yuxarı eyni şeylər idi. Üstünə başqa səbəblər gəlirdi. Səbəblər çoxalırdı. Detallara girmək düzgün deyil. Amma öz xasiyyətimi, iş sistemimi, idarəçiliyimi bilirəm. Ona görə çox düşünüb-daşındım. Biz danışanda da mən detallara toxundum. Ondan sonra məni orada saxlamaq mümkün deyildi. Bunu hərə bir yerə yoza bilər. Rəhbər olduğum kanallarda hamı mənim xasiyyətimi gözəl bilir. Nəyin necə olmağından asılı olmayaraq mühit çox vacibdir. Azadlığımı, müstəqilliyimi daha üstün bilirəm. Sonra isə maddiyyat və sairə məsələlər gəlir. Mənim səbəblərim başqaları üçün arzu ola bilər. Lakin mənim üçün önəmli olan qərarlarımın müstəqilliyidir. Bir qərarı müstəqil verməliyəm və ona özüm cavabdeh olmalıyam. Çalışdığım kanalların birində problem yaranmışdı. Buna görə aparıcıya və verilişin prodüserinə töhmət verilməliydi. Buna icazə vermədim. Çünki mənim xəbərim olan bir məsələ baş verirsə, mane olmuramsa, oradakı tərif də, töhmət də mənə verilməlidir. Mən təsdiqləmişəm. Mənim üçün vacib məsələ odur ki, kollektiv sənə inanmalıdır. Hansısa məsələdə rəhbər özünü kənara çəkirsə, komanda ona inanmaz. Sahib çıxmağı bacarmalısan. Gələcək qabaqdadır. Mənim istər “Xəzər”də, istər “ARB”də, istərsə də “ATV”də uğurlarım var. Düzdür, bunu “MTV”də göstərə bilmədik. Vaxt qısa oldu. Hər halda mən tək televiziya ilə məşğul deyiləm. Bundan sonra buna oxşar təkliflər gələndə yüz dəfə ölçüb-biçmək lazımdır. Minimum bir ay o kanalda praktik olaraq çalışmalısan. Başqa cür mümkün deyil. Çünki hansısa bir hadisə baş versə, orada hansı mövqeni tutacaqsan? Bu, hər kanalda fərqli olur. 21 il ərzində belə bir vəziyyət baş verməyib. Onu burada gördüm. Mütləq mənada 1 ay çalışmaq lazımdır, sonra qərar verməlisən ki, burada qalıram, ya yox.
- Burada azadlığınızın sərhədləndiyi məqamlar hansılar idi?
- Hər kanalın işləmə metodu, qayda-qanunları var. Elə məqamlar var idi ki, sən o qərarı verəndə yüz dəfə ölçüb biçməliydin. Nələrisə nəzərə almalıydın. Bir də tərəddüd içində olursan. Bu, adamı çox yorur. Özündən asılı olmayan səbəblər var. Bu halda adam çox rahat olmur. O qədər incə məsələdir ki, müqavilədə yazılmır. Fikirləşdim ki, burada olmasam, yaxşıdır. Hər keçən gün özümü bu qərar verdiyim üçün alqışlayıram. Hətta deyirəm ki, kaş, daha tez bu qərarı verərdim.
- Sizin kanala gətirdiyiniz kadrlar var idi. Ceyran Rəhimova, Vüsalə Kərimova və Çiçək (Şəhla Vakkas). Onların aqibəti necə olacaq?
- Yəqin ki, onlarla iki-üç günə görüşəcəyik. Əgər müstəqil olaraq o kanalda qalıb çalışmaq istəsələr, qarşılarını kimsə kəsə bilməz. Niyə də yox? Onlar kanala mənə inandıqları üçün, şərtlərimə, qaydalarıma, yaradıcı atmosferə görə razılaşıblar. Şəxsən inanmıram ki, olmadığım müddətdə həmin şərtlərlə qalıb çalışa bilərlər. Tamaşaçı elə bilməsin ki, onlara indiyə qədər heç bir təklif getməyib, yaddan çıxıblar, bir zəngimə qaça-qaça gəliblər. Onlara kanallardan təkliflər olunmuşdu. Sadəcə şərtlər, layihənin formatı, iş rejimi və maaş qane etməmişdi. Çox vacib məqamdır ki, təklifi onlara kim edir? Elələri var ki, mənimlə çalışıblar, elələri var yox. Onlar da təklif aparan Farizi araşdırıblar ki, nə dərəcədə ciddidir, onunla çalışmaq olar, ya yox? Hərəsi ilə ayrı-ayrı görüşüb, güclü olduqları məqamları bilirdim. Hamısı ilə də fərqli şərtlərlə anlaşmışdıq.
- Çalışdığınız dövr ərzində kanalın əvvəlki əməkdaşları ilə aranızda problem oldu?
- Zaman-zaman olurdu. Mən ora gedəndə hansısa qərarlar verməyə tələsmədim ki, aparıcıları, ya da digər işçiləri kənarlaşdırım. Mənim fikirlərimə qaydalarıma inanmayan adamlar çox idi. Halbuki bunun üçün mənə səlahiyyətlər vermişdilər. Nə yaxşı ki, tələsmədim. Məsələn, yeni rəhbər gəlir, onunla razılaşmırlar, “diş göstərmək” istəyirlər. Bu, hər yerdə olur. Lakin “MTV”dən də böyük kanallarda çalışmışam. O oyunların iki-üç qatını görmüşəm. Mən yazıçı-dramaturq olduğuma görə, hadisələrin məni hara aparacağını əvvəldən bilirəm. Bu hadisələrin arxasında kim durur, kim yox, bunları bilirəm. Belə adamlar var idi. Hətta elələri vardı ki, biz onlarla görüşdük, məsələni aydınlaşdırdıq. Mən çıxanda sevinənləri də var idi, kədərlənənlər də. Elələri də var idi ki, onlar üçün fərqi yox idi. Əslində, əsl peşəkar üçün rəhbərliyin fərqi olmamalıdır. Kanallarda rəhbərlər tez-tez dəyişir. Rəhbər dəyişikliyi olmayan bir-iki kanal var idi. Orada da kanalların özü bağlandı. Mən bu ölkədə ən böyük transferləri edən kanal rəhbərlərindən biriyəm. Heç kimin inanmadığı simaları bir kanaldan digərinə aparmışam. İnanmadıqları şərtlərlə, vaxtlarda bunu etmişəm. Burada şəxsi münasibətlər, mənim işim, göstərdiyim nəticələr rol oynayıb. Sevinirəm ki, tranfser etdiyim simalar indiyə qədər çalışdıqları kanallarda xoşbəxtdirlər. Mən də çox qısa zamanda bura da böyük transferlər edə bilərdim. Yaxşı ki, tələsmədim. Mənim gətirdiyim simalar heç bir kanala bağlı olmayan insanlar idi. Lakin kimisə öz işi yerindən etmək, bir kanaldan digərinə gətirmək üçün yüz ölçüb-biçməlisən. Özün 6 ay orada olmalısan, uzun müddət işləmək olarmı baxmalısan. Sonra qərar verməlisən ki, kimisə götürmək olarmı? Mən istəsəm, kanalların ən yaxşı simalarını birindən digərinə apara bilərəm. Gələcəkdə belə bir kanal rəhbərliyi həvalə olunsa... Bu da çətin məsələdir, çünki şərtlərim çox olacaq. Hansısa kanalı üç il müddətində Azərbaycanda ilk üçə sala bilərəm. Hətta birinci edərəm. Burada təcrübə və maliyyə rol oynayır. Ən vacibi isə şəxsi münasibətlərdir. Mən kanalların məşhur simaları ilə çalışmışam. Kimi hansı şərtlərlə gətirmək olar, zəif nöqtələri nələrdir, hansı məsələləri önəmsəyirlər, bunları bilirəm. Elə adamlar var ki, onlar üçün maliyyə vacibdir, eləsi üçün də həm maddiyyat, həm də yaradıcılıq önəmlidir. Amma inanmıram ki, hansısa simanı birindən o birinə aparmayım. Mən hiss edəndə ki, o kanalda missiyam bitib, həyəcan vermir. Oradan özüm gedirəm. Mənə birinci, ya da ikinci yerdə olan kanalda çalışmaq həyəcan vermir. Sıralamada aşağıda olan kanalda çalışıb onu yuxarı çıxarmaq mənə daha həyəcanlıdır. Belə yox. Maliyyədən daha çox planlar önəmlidir. Bu dəfə alınmadı. Düşünürəm ki, kənardan prodakşn kimi layihələr edəcəyəm. Məncə, bir layihənin qayğılarını çəkmək daha yaxşıdır. Nəinki lazımsız adamların vacib olmayan problemlərini həll etmək... Elə şeylər var ki, kim gəlirsə, gəlsin düzəlmir. Elə kanallar var ki, sıfırdan başlamalıdır. Ad, loqo, strategiya, simalar, idaretmə üsulu dəyişilməlidir. Elə kanallar var ki, onlara nə qədər pul qoyursansa, qoy, reytinq olması mümkün deyil.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin