Bakıda qadın ərini bir mesaja görə BALTALADI

09:35 - 31 Avqust 2024

Bakıda qadın ərini bir mesaja görə BALTALADI

2023-cü il yanvarın 21-də Bakıda 1987-ci il təvəllüdlü Ceyhun İmaşov ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilir. Baş nahiyəsindən ağır xəsarətlər alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzdə dərhal əməliyyata götürülüb. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatı xilas olunub. Hadisə ilə əlaqədar Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları istintaq araşdırmalarına başlayıblar. Məlum olub ki, hadisə Qızıldaş qəsəbəsinin 4-cü massivində yerləşən fərdi evdə baş verib. Müəyyənləşib ki, Ceyhunu arvadı 1995-ci il təvəllüdlü Lalə İmaşova yaralayıb.

Faktla bağlı Qaradağ RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanılan cinayət işi istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib və qadının əməli CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.

İstintaqla müəyyən edilib ki, yanvarın 21-i saat 5 radələrində Ceyhun İmaşov Lalə İmaşovanın mobil telefonunda, "WhatsApp" tətbiqi vasitəsilə naməlum profildən daxil olmuş mesaj görüb və yoldaşını ona xəyanət etməkdə günahlandırıb. Aralarında davam edən mübahisə zamanı qadın dəhlizdən götürdüyü baltanın kəsici hissəsi ilə, qonaq otağında ərinin başına arxadan 2 dəfə zərbə vurub. Ceyhun İmaşov vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

İş üzrə dindirilmiş Lalə İmaşova bildirib ki, 2011-ci ildə Ceyhun İmaşovla ailə həyatı qurub, 3 övladı var. Arabir yaranan mübahisələr zamanı yoldaşı onu döyüb, lakin ailəsinin dağılmaması üçün o, Təcili Yardıma və polisə müraciət etməyib:

"2023-cü il yanvarın 20-də yatmağa gedərkən qızım informatika dərsini etmək üçün telefonumu istədi. Beləliklə də, mobil telefonum axşamdan qızımda qaldı. Yanvarın 21-i saat 5 radələrində ərim işə getmək üçün yuxudan oyandı. Qızımdan telefonu alan Ceyhun "Əli M" adlı profildən "darıxmaq şərt deyil" sözləri yazılmış mesaj gəldiyini dedi. Bundan xəbərim olmadığını və telefonun axşamdan övladımda qalmasını bildirsəm də, yoldaşım əl çəkməyərək, həmin şəxsin niyə bu cür mesaj göndərdiyini soruşdu. Mən də dedim ki, özün Əli müəllimə zəng edib səbəbini soruş. Amma Ceyhun həmin şəxsə zəng etmədi. Daha sonra ərim mesajı qardaşıma göndərdi. Əsəbiləşərək, təhqiramiz ifadələr işlətməyə başladım. Qonaq otağında olanda Ceyhun yumruqla başıma zərbə vurdu. Dəhlizə tərəf qaçsam da, ərim saçımdan tutub başımı 2-3 dəfə döşəməyə çırpdı. Başımı kəsəcəyini deyən yoldaşım bıçaq götürmək üçün dəhlizdən otağa qaçdı. Qonşuların yuxudan oyanıb məni Ceyhunun əlindən ala bilməyəcəklərini düşünüb özüm onun qarşısını almağı qərarlaşdırdım.

Bu an dəhlizdə, pilləkənlərin altında olan baltanı gördüm. Onu götürüb qonaq otağına getdim. Ceyhun ayaqüstə, üzü masaya tərəf dayanmışdı. Masanın üzərindən bıçaq götürmək istəyən Ceyhunun başına arxadan ilk zərbəni vurdum. Ərim çevrilib, əli ilə boğazımdan tutaraq, məni boğmağa çalışırdı. Əlbəyaxa olduq. İkinci zərbə səhv etmirəmsə, boyun nahiyəsinə dəydi. Daha sonra balta əlimdən yerə düşdü. Sonra evdən çölə çıxdım. Qışqırıq səsinə qonşular həyətə gəldilər. Bundan sonra məni qardaşımın evinə, Ceyhunu isə xəstəxanaya apardılar. Hadisə vaxtı uşaqlarım yuxudan oyansalar da, yataq otağında idilər".

Lalə İmaşova əlavə edib ki, əri dəhlizdən qonaq otağına keçərkən onu ölümlə hədələyib. Əvvəllər mübahisələri olsa da, heç vaxt bu həddə gəlib çamayıb. Hadisə zamanı o, özü də boynundan, başından və ayağından xəsarətlər alıb. Mübahisə təxminən yarım saat davam edib.

Zərərçəkmiş Ceyhun İmaşov ifadəsində göstərib ki, fərdi qaydada qaynaqçı kimi çalışır: "Yanvarın 21-də Hövsan qəsəbəsinə getmək üçün yuxudan oyandım. Uşaqların yatdığı qonaq otağına keçərək, qızımdan Lalənin telefonunu götürdüm. "WhatsApp" tətbiqinə "Əli M" adlı profildən mesaj gəldiyini gördüm.

Sonra öz mobil telefonumla həmin mesajın şəklini çəkdim. Yataq otağına keçib mesajın kimdən göndərildiyini soruşanda, Lalə nömrəyə baxıb tanımadığını dedi. Arvadıma işə getməyəcəyimi və bu məsələni bu gün həll edəcəyimi dedim. Masa arxasında oturub çay içərkən arxadan başıma zərbə endirildi. Arxaya çevriləndə ikinci zərbə vuruldu. Bundan sonra mobil telefonumla qardaşım Aqilə zəng edərək, qan itirdiyimi və təcili gəlməyini söylədim.

Özüm Təcili Tibbi Yardıma zəng etdim. Sonra Kamran adlı qonşum gəlib mənə köməklik göstərdi. Təxminən 20 dəqiqədən sonra qardaşlarım Aqil, İsmayıl və Aslan gəldilər. Təcili yardım briqadası məni xəstəxanaya apardı".

Şahid qismində dindirilmiş Əli Abbasov bildirib ki, 2001-ci ildən Qızıldaş qəsəbəsində yerləşən 180 saylı orta məktəbdə Azərbaycan dili-Ədəbiyyat müəllimi vəzifəsində işləyir: "Lalə İmaşovanın qızı dərs keçdiyim 5-ci sinfində oxuduğuna görə o, övladının dərsləri ilə maraqlanmaq üçün vaxtaşırı mənimlə əlaqə saxlayırdı. "WhatsApp" proqramında müəllimlərin və valideynlərin yazışma qrupu yaradılmışdı. Yanvarın ortalarında məktəbdə "Böyük Summativ Qiymətləndirmə" aparılıb və həmin qiymətləndirmənin nəticəsindən asılı olaraq şagirdlərin sinifləri dəyişilib. Bununla əlaqədar uşaqlarda mənim onların müəllimləri olmayacağımla bağlı düşüncələr yaranıb. Yanvarın 21-i gecə saat 1-də Lalə xanımın işlətdiyi "WhatsApp" proqramında "sinfimizi dəyişmək istəmirik, sizin üçün darıxırıq" sözlərindən ibarət cümlə yazıldığını gördüm. Mən də cavab olaraq "darıxmaq şərt deyil" cümləsi yazaraq telefonu söndürdüm. Baş vermiş hadisə ilə əlaqədar fevral ayında Qaradağ Rayon Polis İdarəsinə çağırılaraq ifadə vermişəm. Lalə İmaşova ilə aramızda valideyn-müəllim münasibətindən başqa heç nə olmayıb. Sonradan bilmişəm ki, mesajı Lalə İmaşovanın qızı yazıb. Şagirdim imtahanda zəif qiymət aldığından, gələcəkdə dərslərini yaxşı oxuyacağını, onları tərk etməməyimi və mənim üçün darıxacaqlarını bildirib. Daha sonra isə, valideynləri dərslərinin pis oxuduğunu bilməsin deyə, qorxub mesajı silib".

Məhkəmə iclasında Lalə İmaşova ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, özünü müdafiə edib, başqa çıxış yolu olmayıb. Zərərçəkmiş Ceyhun İmaşov bildirib ki, arvadı ilə heç vaxt barışmayacaq və ona qanuna müvafiq cəza verilməsini xahiş edib.

Məhkəmə Lalə İmaşovanın ifadələrini - işin faktiki hallarına uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirib. Çünki o, Ceyhun İmaşova balta zərbələri vurduqdan sonra, sonuncu evdən çölə qaçmaq istəyib. Amma o, yoldaşının ayağlarından tutub həyətə çıxmasına və qonşuların hadisə yerinə gələrək kömək etmələrinə mane olub. Qadın özündən asılı olmayan səbəblərə görə zərərçəkmişi öldürə bilməyib.
 
Məhkəmə Lalə İmaşovanın əməlini Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə tövsif olunmasını və buna görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalandırılmasını əsaslı sayıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lalə İmaşova 9 il müddətinə azadlıqdan məhrum olunub.

 


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin