Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması - TƏHLİL

15:52 - 29 Avqust 2024

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması - TƏHLİL

Azərbaycan müstəqillik qazandıqdan, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olması qadınların da ictimai-siyasi həyatda fəaliyyətinin artırılmasına yol açdı. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edildi. Azərbaycanın konstitusiyası da kişilərə və qadınlara eyni hüquqları verib. Həmçinin Azərbaycan gender bərabərliyinin təmini üçün bəzi beynəlxalq konvensiyalara qoşulub. Belə ki, Azərbaycan 1995-ci ildə BMT-nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin bütün növ formalarının ləğv edilməsi haqqında” Konvensiyanı ratifikasiya edib. 1979-cu ildə qəbul edilən, iki il sonra qüvvəyə minən konvensiyanın digərlərindən fərqi burda sadəcə cinsi əlamətə görə, qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi nəzərdə tutulur. Başqa sözlə, gender neytrallığı tələbinin əvəzinə, konvensiya qadınların bərabərsizliyinin saxlanılmasına xidmət edən hər hansı fəaliyyəti qadağan edir.

2001-ci ildə isə Azərbaycan ona aid Fakültətiv Protokolu ratifikasiya edib. 1998-ci ildə mərhum Prezident Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin(indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması, “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar verib. Bu isə gender siyasətinin dövlətin vacib strategiyalarından biri olduğunu göstərirdi. 2000-ci ildə prezident “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb. Fərman bütün dövlət strukturlarında qadınların təmsil olunma faizinin kişilərlə eyni səviyyədə olmasını nəzərdə tutur. Sonra isə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Nazirlik və idarələrdə gender siyasətinə məsul koordinatorlar-fokal mərkəzlər fəaliyyət göstərir.

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin analitik təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Sevil Rəsulzadə bildirib ki, media ailədaxili münasibətlərə, gender bərabərliyinin təbliğinə və cinsi ayrı-seçkilik hallarının qarşısının alınmasında təsirli və güclü bir vasitədir:

"Cəmiyyətdə yanlış düşüncələrin, davranış pozuntularının yaranmasına, şəxsi həyata qanunsuz müdaxilənin, hüquq pozuntularının norma kimi təbliğinə yol açmamaq üçün medianın geniş imkanlarından maksimum səmərəli istifadə etmək mütləqdir.

Peşəkar media ailə dəyərlərinin, eləcə də milli-mənəvi dəyərlərin təşviqi, qadın və uşaq hüquqlarının müdafiəsi, müsbət nümunələrin (elm, idman, təhsil sahəsində uğur qazanmış qadın və uşaqlar) ictimaiyyətə təqdim edilməsində mühüm rol oynaya bilər. Əfsuslar olsun ki, insanların şəxsi həyatının təfərrüatları, ailə sirrləri, çətin həyat şəraitində yaşayan, yaxud zorakılıqla üzləşmiş uşaqların şəxsi məlumatları mediada yayımlanır, qanunvericiliyin və etik prinsiplərin tələbləri pozulur. Ümumilikdə, gender və ailə məsələlərinə və uşaq mövzularına həssas yanaşmaq və xüsusi diqqət göstərmək jurnalistlərdən tələb olunan əsas şərtlərdir".

Sevil Rəsulzadə onu da qeyd edib ki, gender bərabərliyinin təbliğ edilməsi və cinsi ayrı-seçkilik hallarının qarşısının alınmasında medianın rolu böyükdür:

 "Materiallarda zərərçəkənin mənafeyi üstün tutulmalı, hüquqları qorunmalı, fərdi məlumatları gizli saxlanılmalıdır. Bəzən media nümayəndələri informasiya məhsullarında hadisənin mahiyyətini izah etmədən, qəza hadisəsi baş verdikdə “qadın sürücü”, cinayət törətdikdə “qadın cinayətkar” kimi ifadələrdən istifadə edir, hadisə törədən və ya qurban şəxs qadın olduqda onun cinsiyyəti xüsusi olaraq vurğulanır və qabardılır. Halbuki, hər hansısa bir hadisə qadın və ya kişinin başına cinsinə görə gəlmir.

Gender bərabərliyinin təbliğ edilməsi və cinsi ayrı-seçkilik hallarının qarşısının alınmasında medianın rolu böyükdür. Cinsi mənsubiyyətə əsaslanan ayrı-seçkilik yolverilməzdir. Lakin təəssüflər olsun ki, bəzən media nümayəndələri gender terminlərdən düzgün istifadə etməyi bacarmır, hətta xəbərin daha çox oxunması üçün gender stereotiplərinə yol verirlər.

Qlobal Media Monitorinqi Layihəsi qeyd edir ki, qadınların xəbərlərdə qurban kimi təqdim edilməsi və ailə vəziyyətinə görə tanıdılması halları tez-tez baş verir. Qadınlar çox vaxt yalnız evin, ailəsinin qayğısına qalan yaxud həyat yoldaşından asılı kimi təsvir olunurlar. Müəyyən edilib ki, xəbərlərdə müsahibə verən ekspertlərin 81%-ni kişilər təşkil edir. Bütün bunlar deməyə əsas verir ki, mediada gender məsələləri dəqiq, ədalətli və dürüstlüklə, peşəkar və etik formada təqdim edilməlidir. Bununla belə, balanslaşdırılmamış gender təsviri daha geniş yayılmışdır.

Jurnalistlər ənənəvi və sosial medianın potensialını qadın hüquqlarının təbliği, gender əsaslı zorakılıq halları ilə mübarizəyə, qadın hüquqlarının qorunması və problemlərin aradan qaldırılması istiqamətində düzgün məlumatlandırmağa yönəltməlidir.

Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının 4-cü prinsipinə əsasən, jurnalist gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, cinsiyyətçi ifadələr işlətməməli, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini qabartmamalıdır. Jurnalist gender stereotiplərini təbliğ etməməli, mediada qadınların və kişilərin gender stereotiplərindən azad obrazını təsvir etməli, gender-əsaslı zorakılıq hallarının mediada işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender-əsaslı zorakılığı təşviq etməməli və cəmiyyətdə onun neqativ nəticələrinə dair məlumatlılığı artırmalıdır.

Media milli-mənəvi məsuliyyətin hüdudlarından kənara çıxmamaq şərtilə öz peşəkar imkanlarından bacarıqla istifadə etməklə, cəmiyyətin sağlamlığı və inkişafı üçün töhfə verə bilər. Bunun üçün isə sosial xarakterli verilişlərin hazırlanması prosesinə peşəkar sosial işçilər, psixoloqlar və ekspertlər cəlb olunmalıdır. Eləcə də, həm özəl təşkilatlar, həm də dövlət qurumları ilə koordinasiyalı işin qurulması əhəmiyyətlidir".

 

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov, bildirib ki, sosial mediada edilən paylaşımlar insanların psixologiyasına və həyat tərzinə ciddi şəkildə təsir edir:

F.ü.fd Elnur Rüstəmov “TNS.Az” mübarizə verib. "Mobil telefonu almaq səbəb yox, hadisəni törətmək üçün bəhanədir" - Psixologiya Elmi-Tədqiqat İnstitutu

"Ölkəmizdə cinsi mənsubiyyətə görə hər cür ayrı-seçkiliyi qadağan edir və ölkənin hüquq təcrübəsində ilk dəfə olaraq bu qanunda ayrı-seçkilik anlayışı tətbiq olunur. Azərbaycan Konstitusiyasının 25-ci maddəsi qadın və kişilərin qanun qarşısında bərabər olduğunu göstərir. Medianın və jurnalistlərin gender bərabərliyinə hörmət göstərmək vəzifə borcudur. Dövlətimiz bu baxımdan xeyli irəlidədir. Hətta beynəlxalq aləmdə ölkəmizi bir çox dövlətlərlə müqayisə etsək görə bilərik ki, biz gender bərabərliyini necə düzgün təmin etməyə çalışırıq. Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli qərarı ilə qəbul edilən “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” ölkədə gender əsaslı zorakılıqla mübarizəyə zəmin yaradan əsas sənədlərdəndir. Sosial media bütün dünyada 4,6 milyard insanın gündəlik həyatının bir parçasıdır. Sosial şəbəkələrdə paylaşılan məlumatlar, xəbərlər, video görüntülər və şəkillər müxtəlif insanların maraq dairəsinə uyğun olaraq hər gün nəzərdən keçirilir və bu informasiya mübadiləsi günün fərqli saatlarında daimi dövr edir. Məlum məsələdir ki, paylaşma yeni bir anlayış deyil, insanlar sosial qruplarda yaşayır və sosial qarşılıqlı əlaqədə inkişaf edir - bu, insan təbiətinin bir hissəsini təşkil edir.

İnformasiyanın sürətli inkişafı nəticəsində sosial media - məlumat əldə etmək, paylaşmaq, doğru və yanlış anlamaq, müqayisə etmək, tənqid etmək kimi müsbət və mənfi davranışlarımıza ciddi şəkildə müdaxilə edərək dünyanı anlama tərzimizi tamamilə dəyişdi. Bu gün hər kəsi narahat edən mövzulardan biri də, daha geniş diapazondan və müxtəlif mənbələrdən yetəri qədər məlumat əldə etməyə daimi çıxışı olan sosial media əsrində belə paylaşımların insanlara göstərdiyi psixoloji təsirlərdir.

Müsbət xəbərlərlə yanaşı gündəlik olaraq 100-dən çox mənfi məlumatları qəbul etdiyimizi nəzərə alsaq, fərd belə informasiyaların onun əhval-ruhiyyəsinə təsir etdiyini ilk anda fərqinə varmır. Sosial mediaya qarşı "doyma həddindən" çox məlumat əldə etmək xüsusilə hədsiz stressə və belə stressin özü ilə bərabər gətirdiyi bir çox psixoloji narahatlıq, aqressiya və qəzəbə səbəb olur. Nəticədə səhər oyandıqdan sonra qəbul edilən informasiyalar fərdin gün ərzində əhvalına birbaşa təsir göstərərək, onun gündəlik həyatında mühüm rol oynayan davranış qaydalarını pozur. Ən başlıcası uzun müddət sosial şəbəkələrdə vaxt keçirmək, yuxu rejiminə mənfi təsir göstərir. Beləliklə bir çox psixoloji problemlərlə bərabər ən önəmli fiziki ehtiyac olan yuxunun da qarşılanmaması ciddi narahatlıqların əsasını qoyur.

Son olaraq sosial mediada lazım olan mənbələrə baş vurmaq, yeni biliklər əldə etməkdən əlavə həyatı ələ keçirən bu texnoloji vasitələrlə mübarizədə insanlar bəzi üsullarla bu təsiri ciddi şəkildə azalda bilərlər. Buna misal olaraq, gündəlik iş və şəxsi həyatda daha çox real əlaqələrə üz tutmaq, günə "texnologiyasız saatlar" əlavə etmək və əslində vərdiş halına gələn, bilmədən hər gün etdiyimiz - yemək masasında telefonla məşğul olmaq, görüşlər zamanı vaxtı sosial mediaya sərf etmək və s. kimi yanlış davranışlardan uzaqlaşmaq mütləqdir. Məsələn adi gündəlik olaraq növbə gözləyərkən, fasilələrdə və s. anlarda kiçik ekrana bağlı qalmaqdansa, ətrafdakı insanlarla danışmaq və ünsiyyət qurmaq psixoloji cəhətdən daha yaxşı hiss etdirəcəkdir. Həmçinin gənc və yetkin insanlara sosial media ilə bağlı yoxlamaları 15 dəqiqə ilə məhdudlaşdırmaq tövsiyə olunur". 

 

 

Fidan Əliyeva

6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

 


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin