Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

15:26 - 23 Avqust 2024

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

İnkişafının intibah dövrünü yaşayan Azərbaycan üçün xarakterik xüsusiyyətlərdən biri mövcud tərəqqinin bütün ölkə üzrə proporsional qaydada paylanması, hər bir bölgəni əhatə etməsidir. Qeyd edilənlər isə təbii olaraq paytaxtla yanaşı, Azərbaycan regionlarının da dinamik inkişafını şərtləndirir. Burada ən vacib nüanslardan biri isə ondan ibarətdir ki, regionların daha sürətli tərəqqisi məqsədilə onların spesifik xüsussiyyətləri mütləq şəkildə nəzərə alınır.

Ümumiyyətlə, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası, iqtisadiyyatın dövlət tənzimlənməsi və sosial-iqtisadi inkişafın istiqamətləri müəyyən edilərkən regionun xüsusiyyətləri nəzərə alınmaqla təkliflərin verilməsi və onların həyata keçirilməsi artıq ənənə halını alıb. Bunun nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafi üzrə müvafiq proqramların hazırlanması üçün aidiyyəti üzrə təkliflərin verilməsi, proqramların yerinə yetirilməsinin əlaqələndirilməsi, təmin edilməsi prinsipi həmişə rəhbər tutulur. Bununla yanaşı müvafiq dövlət proqramlarında region üzrə müvafiq tədbirlərin icra vəziyyəti ilə bağlı məlumatların toplanılması, onların icrasını yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirilməsi, icrasına nəzarətin (monitorinqin) həyata keçirilməsi və hesabatların hazırlanılması da inkişafın əsas səciyyəvi xüsusiyyətlərindəndir.

 

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən "İnkşafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri, "Öndər Tv" kanalının təsisçisi, Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın sədri Ramil Əliyev bildirib ki, Azərbaycan xalqının rifahı və regionlarının sosial-iqtisadi inkişafı cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düzgün qaydada təmin olunur və irəliləyir:

"Zənnimcə, bu gün regionlarda sosial və iqtisadi inkişafın göstəricisi göz önündədir. Möhtərəm prezidentimizin apardığı siyasətin önündə duran prioritet məsələlərdən biri regionlarımızda yol infrastrukturunun mükəmməl şəkildə qurulmasıdır. Bu yaxınlarda, təxminən bir il öncə Bakı-Quba yolunun yenidən qurulması və açılışında biz həmin yolda çox gözəl infrastruktur qurulduğunun şahidi olduq. Deyərdim ki, orada sanki "yoxdan bir var" yaranıb. Həmin yol vasitəsilə istər xüsusi mülklərə, istər Azərbaycan - Rusiya sərhədinə, istərsə də digər bölgələrə, Quba, Qusar , Xaçmaz və s. kimi rayonlarımıza əvvəlkindən daha tez çata bilərik.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Azərbaycan daha çox üstünlüyü Qarabağın quruculuğu və inkişafına yönəltmişdir. Bu gün Qarabağda da böyük yol infrastrukturunun qurulmasına, təhsil müəssisələrinin fəaliyyət göstərməsinə qürurla şahid oluruq. Zəngilan rayonunda Ağalı kəndinin salınması, orada böyük layihələrin həyata keçirilməsi, o cümlədən Füzuli rayonunun yenidən qurulması regional inkişafın ən böyük göstəricisi hesab olunur. Bildiyiniz kimi, düşmən Füzuli rayonuna çox böyük ziyan vurmuşdur. Hazırda isə orada yeni binaların tikintisi çox yüksək səviyyədə həyata keçirilir. Həmçinin məcburi köçkünlərin, 30 ildən çoxdur bu anları həsrətlə gözləyən insanların həmin ərazilərə köç edib yeni üslubda inşa edilmiş mənzillərdə yaşaması, eyni zamanda Şuşa və Laçında da yeni üslubda və mükəmməl səviyyədə inşa edilmiş yaşayış binalarının, yeni açılmış müəssisələrinin oraya qayıdan məcburi köçkünlərin sevinci sosial inkişafın ən böyük göstəricisidir".

Ramil Əliyev onu da qeyd edib ki, ölkəmizdə, yol infrastrukturları ilə yanaşı, elektrik, qaz və su xəttlərinin yenilənməsinə də böyük diqqət göstərilir:

"Bu yaxınlarda "Zəfər yolu"nun yüksək səviyyəli inşasının şahidi olduq. Biz bir neçə media nümayəndələri ilə Qarabağa səfər etmişdik. Səfər zamanı orada "Zəfər yolu"nun nə dərəcədə möhtəşəm, dünya standartlarına uyğun şəkildə quruluşunu heyrətlə izlədik. Hansı ki, bir zamanlar biz bunu yalnız qardaş ölkə Türkiyəyə və yaxud Avropa ölkələrinə səfər zamanı görə bilərdik. İndi isə Azərbaycanda da bu infrastruktur mövcuddur, bu isə çox sevindirici haldır. 

Qarabağla paralel olaraq, Bakı-Qazax yolunda, Gəncə , Tovuz, Qazax istiqamətində yeni yolların çəkildiyini görürük. Xüsusilə qeyd etmək istəyirəm ki, artıq ölkəmizdə bütün işlər beynəlxalq səviyyəyə, dünya standartlarına uyğun şəkildə aparılmaqdadır.
Bu göstəricilərlə yanaşı, 2024-cü ildə ölkəmiz qlobal miqyası əhatə edən COP-29 tədbirinə ev sahibliyi edəcək. Bu səbəbdən paytaxtımızda da yol infrastrukturlarının yeniləməsinin, daha da təkmilləşdirilməsinin şahidi oluruq. Yol infrastrukturlarının yeniləməsi nəinki vətəndaşlara, ölkəmizdə turizm siyasətinin inkişafına da müsbət təsir göstərmişdi. Həmçinin ölkəyə xaricdən gətirilən və ya ölkəmizdən xaricə göndərilən malların daha tez mənzil başına çatmasını da təmin etmişdir. Bu gün ölkəmizdə, yol infrastrukturları ilə yanaşı, elektrik, qaz və su xəttlərinin yenilənməsinə də böyük diqqət göstərilir. Xüsusilə Qarabağın bölgələrində bunu aydın görmək mümkündür.

Sözsüz ki, bütün həyata keçirilən tədbirlərin nəticəsi olaraq mən hesab edirəm ki, Azərbaycan xalqının rifahı və regionlarının sosial-iqtisadi inkişafı Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düzgün qaydada təmin olunur və irəliləyir.

 

"İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, 70 faiz regionlar mərkəzi büdcədən asılığı azaldıb və özünütəminat rejimində fəaliyyət göstərir:

Eyyub Kərimli: Azərbaycandan Avropaya yaşıl enerji ixracı ilə bağlı vacib layihələr reallaşdırılacaq

"Ölkəmizdə paytaxt və regionlar arasında inkişaf tarazlığının təmin edilməsi ilə bağlı bir çox dövlət proqramları qəbul olunur. Həmin proqramlar həyata keçirildikdən sonra müşahidə edirik ki, 70 faiz regionlar mərkəzi büdcədən asılığı azaldıb və özünütəminat rejimində fəaliyyət göstərir. Bu isə inkişafın ən böyük göstəricisi hesab olunur. Bütün bunlara baxmayaraq, bir sıra problemlər mövcuddur. Onlardan biri regionlarda kredit vəsaitinin əlçatanlığın az olması və fermer təsərrüfatlarına ayrılan subsidiyaların şərtlərinin daha ağır olmasıdır. Bu da sözsüz ki, müəyyən sahələrdə özünü göstərir.

Hər kəs bilir ki, bəzi regionlarda işsizlik mövsümi xarakter daşıyır. Əhali əsasən yay və yaz ayrılanda işə daha çox cəlb olunur. Belə halda bir çox şəxslər rəsmi işçi kimi qeydiyyata alınmır. Çünki bir çoxu ya fermer təsərrüfatında çalışır, ya öz təsərrüfatı ilə məşğul olur. Bu halı isə tam işsizlik adlandırmaq olmaz. Hazırda bununla bağlı araşdırmalar aparılır. Regionlarda sənaye mərkəzlərinin sayının artırılması bu problemləri həll edə bilər. Əsasən də qida emalı sənayesi inkişaf etməlidir. Çünki bəzən kənd təsərrüfatı məhsulları sahədə qalaraq istifadəyə yararsız hala gəlir və satışa çıxarılmır. Zənnimcə, konservləşmə sənayesini inkişaf etdirməklə bu problemi aradan qaldırmaq mümkündür.

Hazırda ölkəmizdə dövlət başçısının müəyyən etdiyi sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verib. Artıq regionların iqtisadi potensialı daha möhkəm özüllər üzərində qurulur. Məhz bu səbəbdən, mən regionlardaki sosial və iqtisadi inkişafı və dövlətin bu sahədə həyata keçirdiyi əməliyyatları yüksək qiymətləndirirəm".

 

Fidan Əliyeva

6.3.11. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin