“Osiyek” fikrini dəyişdi - Erməni müdafiəçi Bakıya gəlmir

11:52 - 13 Avqust 2024

“Osiyek” fikrini dəyişdi - Erməni müdafiəçi Bakıya gəlmir

"Osiyek”in erməni futbolçu Styopa Mkrtçyan UEFA Konfrans Liqasının üçüncü turu çərçivəsində Bakıda “Zirə”yə qarşı keçiriləcək oyun üçün ölkəmizdə gəlməyəcək.


Manset.az Futbolxeber.az-a istinadən xəbər verir ki, bu barədə erməni idman jurnalisti Suren Meliksetyan bildirib. O qeyd edib ki, bu barədə Xorvatiya klubunun rəhbərliyi tərəfindən qərar qəbul edilib.

Halbuki daha əvvəl Mkrtçyanın Bakıya gələcəyi deyilirdi. Həftə sonu “Sabah”la matçdan sonra mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Mkrtçyanın Bakıya mümkün gəlişi barədə sualı belə cavablandırmışdı: “Hansısa gərginlik istəməzdim. Hamımız əvvəl gərgin idik. İdman yarışlarında da gərginlik olurdu. Bu gün hansısa gərginliyə ehtiyac yoxdur. Biz qalibik. Bəlkə onlar bizimlə qarşılaşanda, aqressiyaları olsun. Əvvəl rəqibin heyətində erməni olanda, düşünürdüm ki, qol vurmasın. Böyük zəfərdən sonra məndə elə hiss qalmayıb. Futbolçularıma da hansısa xüsusi tapşırıq verməmişdim”.

Mütləq qeyd etmək lazımdır ki, bu günə qədər Azərbaycanda keçirilən bütün idman tədbirlərində Ermənistan nümayəndələrinin təhlükəsizliyi yüksək səviyyədə təmin olunub və onlarla bağlı Bakıda keçirilən yarışlarda heç bir problem yaranmayıb. Lakin Bakıdan fərqli olaraq ötən il İrəvanda təşkil olunan ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağı yandırılmışdı.

Əlavə edək ki, Mkrtçyan “Zirə”yə qarşı Xorvatiyada keçirilən ilk matçda 63 dəqiqə meydanda olub.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin