Azərbaycançılıq ideyasının təbliği

14:40 - 9 Avqust 2024

Azərbaycançılıq ideyasının təbliği

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.

Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.

Ümummilli lider Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya azərbaycanlılarının I qurultayında dövlətin siyasətini səciyyələndirərkən onun prioritet istiqamətini nəzərə çatdırmışdır: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". 

 

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib ki, azərbaycançılıq ideologiyası nəinki ölkəmizin daxilində , beynəlxalq miqyasda da azərbaycanlıları birləşdirən vahid bir yanaşma kimi öz aktuallığını qorumaqdadır:

Picture background

"Şübhəsiz ki, azərbaycançılıq ideologiyası bu gün, xüsusilə müstəqillik dövründən sonra Azərbaycan xalqını vahid ideologiya altında birləşdirən, onun vətənə münasibətdə dəyərlər sisteminin formalaşmasına töhfə verən çox mühüm bir ideologiyadır. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Hazırda dünyanın müxtəlif ölkələrinə səpələnmiş minlərlə azərbaycanlı məhz azərbaycançılıq ideologiyası altında bir araya gəlib, vətənin təbliği, Qarabağla bağlı önəmli və vurğulanması labüd olan məsələləri dünyaya nümayiş etdirmək üçün bir araya gəlirlər. Bu o deməkdir ki, ideologiya nəinki ölkəmizin daxilində , beynəlxalq miqyasda da azərbaycanlıları birləşdirən vahid bir yanaşma olaraq öz aktuallığını qorumaqdadır. Bu ideya özündə vətənə məhəbbət hissini, dövlətimizə bağlılıq hissini, ölkənin problemlərinə münasibət bildirib, uğuruna sevinmək hissini aşılamaqdadır. Şübhəsiz ki, bu ideologiyanın hər ötən gün daha da güclənməsi, daha da təmərküzləşməsi, dünya azərbaycanlılarını birləşdirən dəyər kimi daha qabarıq şəkildə üzə çıxması son dərəcə vacibdir. 

Fərid Şahbazlı onu da qeyd edib ki, azərbaycançılıq ideologiyasını təbliğ etmək üçün digər mühüm missiya xaricdə yaşayan soydaşlarımızın üzərinə düşür:
"Azərbaycançılıq ideologiyasını təbliğ etmək üçün xaricdə yaşayan soydaşlarımızın üzərinə xüsusi bir missiya düşür. Orada doğulub-böyüyən, təhsil alan, çalışan, vətəndaşların məhz azərbaycançılıq ideologiyası ətrafında birləşməsi, bu ideologiyanın təbliğ etdiyi dəyərlər sistemi əsasında böyüməsi, vətənə münasibətdə, öz ana yurduna münasibətdə azərbaycançılıq ideologiyası ilə çıxış etməsi bizim üçün çox önəmli bir məsələdir.
Bilirsiniz ki, 44 günlük Vətən müharibəsi dövründə bütün dünya azərbaycanlıları bu ideologiya ətrafında birləşərək öz mövqelərini ortaya qoydular. İllərdir ölkədən kənarda yaşayan soydaşlarımız bu ideologiyanı doğru mənimsədiyi üçün həmin dövrdə Azərbaycan səfirliklərinin diplomatik korpuslarına müraciət edərək vətən uğrunda savaşa qatılmağa böyük səy göstərmişdilər. Əgər Azərbaycanda doğulmayan, burada böyüməyən şəxslər öz xoşu ilə belə bir məsələ üçün müraciət edirsə, deməli bizim, xüsusilə cənab Ali Baş Komandan İlham Əliyevin illərdi apardığı təbliğat öz təsirini ən gözəl şəkildə göstərə bilmişdir. 
Zənnimcə, bu təbliğat heç vaxt dayanmamalı, ölkədə və ölkədən kənarda daim tədbirlər, konfranslar keçirilməli, azərbaycançılıq ideologiyasını gələcək nəsillərə düzgün mənimsətmək üçün daim səy göstərilməlidir".

 

Diaspor işləri üzrə ekspert, "Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili bildirib ki, Diasporla iş üzrə Dövlət Komitəsi də bu istiqamətdə düzgün təbliğat və təşviqat üzrə mübarizə aparmaqda dövlətlə həmrəydir:

Picture background

"Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı çox mühüm addımlar atılmağa başlanıldı. Bu mövzuda ölkənin bütün aparıcı qüvvələri, siyasətçilər, qeyri-hökumət təşkilatları, Azərbaycan mediası və ən əsası xaricdə yaşayan soydaşlarımız önəmli simvoldur. Azərbaycanın milli-maraqlarını qoruyan hər bir şəxs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Bu ideologiyanın məqsədi Azərbaycan xalqını eyni amal və eyni bayraq altında birləşdirməkdir. Ancaq çox təəssüflə qeyd edirəm ki, bu ideologiya qarşı çıxan qüvvələr də var. Onlar unutmamalıdır ki, bu ideologiya uğrunda minlərlə Azərbaycan gənci canını fəda edərək şəhidlik zirvəsinə yüksəlmişdir. Bütün bunlara baxmayaraq, əgər kimsə bu ideologiyaya qarşı çıxırsa, bu onun Azərbaycan xalqına düşmən olmasının göstəricisi hesab olunur. Bu gün ölkəmizdə bu ideologiyanın başçısı Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevdir. Onun həyata keçirdiyi mühüm tədbirlər sayəsində, hətta xaricdə yaşayan soydaşlarımız da azərbaycançılıq ideologiyasının təbliği üçün çalışırlar. Digər dost  xalqların bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanı Diasporla iş üzrə Dövlət Komitəsi də bu istiqamətdə düzgün təbliğat və təşviqat üzrə mübarizə aparmaqda dövlətlə həmrəydir. Azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Məhz bu səbəbdən mən düşünürəm ki, azərbaycançılıq ideologiyasını zamanın tələblərini uyğunlaşdırmaq və bəzi antimilli qüvvələrdən hər zaman qorumaq mütləqdir".

 

 

Fidan Əliyeva

6.3.9. Azərbaycançılıq ideyasının təbliği;

Yazı Medianın İnkişafı Agentliyinin tədqiqatı ilə hazırlanıb

 


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin