3 ay əvvəl bəraət almışdı - Yenə həbs edildi

13:32 - 1 Avqust 2024

3 ay əvvəl bəraət almışdı - Yenə həbs edildi

Külli miqdarda qanunsuz narkotik dövriyyəsi cinayətindən bəraət almış Elyar Əhmədov üç ay sonra yenidən həbs edilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, əldə etdiyi məlumata görə, Şəki Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.

Belə ki, Elyar Əhmədov əvvəl Şəki Ağır Cinayətlər Məhkəməsində mühakimə edilib.

İstintaqın sonunda dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxs barəsində ittihamedici hökm çıxarılmasını istəyib. Lakin məhkəmə verilmiş ittihamların sübuta yetirilmədiyi qənaətinə gələrək, Əhmədova bəraət verib.

Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. İttiham tərəfi etirazını belə əsaslandırıb ki, birinci instansiya məhkəməsinin hökmü ilə işin faktiki halları üst-üstə düşmür. Bu əsasla hökm ləğv edilməli, bəraət almış şəxs sanksiya həddində cəzalandırılmalıdır.

Protest Şəki Apellyasiya Məhkəməsində araşdırılıb. Müdafiə tərəfi çıxışında hökmün qüvvədə saxlanılmasını xahiş edib. Bəraət almış şəxs bir daha özünün təqsirsiz olduğunu bəyan edib. İmanverdi Şükürovun sədrlik etdiyi hakimlər heyəti sübutları tədqiq etdikdən, tərəfləri dinlədikdən sonra prokurorun protestini əsaslı hesab edib.

Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. E.Əhmədov külli miqdarda narkotik dövriyyəsində təqsirli bilinərək 5 il 6 ay azadlıqdan məhrum edilib. Əhmədov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Elyar Əhmədov ötən il keçirilən əməliyyat tədbirləri ilə narkotik satma şübhəsi saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə ittiham verilib.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin