Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi- TƏHLİL

13:27 - 26 İyul 2024

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi- TƏHLİL

Gənclik zamanın, dövrün hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə, cəmiyyət özü zəmin yaratmalıdır. Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi ideoloqların qarşısında duran böyük bir vəzifədir.

Bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Azərbaycan da istisna deyil. Azərbaycan gəncliyi bölgədə öz vətənpərvərliyi, milli mənlik şüuruna sahib olan gənclər kimi həmişə sayılıb-seçilib. Deyərdik ki, çox zaman başqalarına nümunə olub.  Baxmayaraq ki, maddiyyatın mənəviyyatı ötüb keçdiyi bir dövrdə yaşayırıq. Ancaq gənclərimizin heç də hamısı pul qazanmaq naminə dəyərlərimizin üstündən xətt çəkmir. Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir.  Azərbaycanın dövlət müstəqilliyini qazanmasında gənclərimizin boyük rolu olub. Həmçinin, bu iyirmi ildə Azərbaycanda milli mənlik şüuruna sahib vətənpərvər gənclər yetişib.

 

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən  Azərbaycan tarix elmləri doktoru, Milli Məclisin VI çağırış deputatı Anar İsgəndərov bildirib ki, biz öz gənclərimizi vətənpərvərlik ruhu ilə tərbiyə etməyi bacarmışıq:

Picture background

"Hər bir millətin özünəməxsus inkişaf yolu var. Vaxtilə dünyanın böyük səyyahlarıdan olan Miklouho Maklay yazırdı:
"Hər bir xalqın mədəni səviyyəsi onun bioloji xüsusiyyətləri ilə deyil, onun keçirdiyi tarixi şərait ilə müəyyən olunur".
Bu o deməkdir ki, bir əraziyə hücum olarsa, həmin torpağın sahibləri işğalçıya necə müqavimət göstərir, onu məmnuniyyətlə qəbul edirmi, onun çağırışlarına necə səs verir və ya ona qarşı uzun illər boyu mübarizə aparır mı? Bütün bu addımlar zaman keçdikcə xarakterik xüsusiyyətlərə çevrilir və xalqları bir-birindən fərqləndirir. Bu prosesləri keçdikdən sonra görmək olar ki, sənin bir parçası olduğun xalq döyüşkən, mübariz ruhlu yoxsa bu keyfiyyətlərin tamamilə əksidir. 

Azərbaycan xalqı tarix boyu öz ərazisinin sahibi olub. Düzdür, kifayət qədər ərazilərimizə işğalçı yürüşlər olub, lakin Azərbaycan xalqı düşmənləri qılıncla qarşılayıb və ona qarşı cəsurluqla mübarizə aparıb. Xalqımız hər zaman öz müstəqilliyini qorumaq üçün, öz milli mənlik şüurunu inkişaf etdirmək üçün əzmlə çalışıb. Bəzən düşmən bu torpaqlarda çox qalıb, amma Azərbaycan xalqının müstəqillik ideologiyasına heç bir zərər verə bilməyib. Keçdiyimiz tarix yolu bu gün də bunu sübut edir. 
 

Azərbaycan gəncliyi hansı ideologiyanın daşıyıcısıdır?
Təbii ki, o, vətənini çox sevir. Vətən uğrunda canını verməyə hazırdır. Biz əyani şəkildə 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında savaşan ordumuzun şücaətinə şahid olduq. Dövlətimizin başçısı İlham Əliyev Vətən müharibəsində qazanılan qələbənin şərtlərini açıqlayarkən bildirmişdi ki, 17 illik hakimiyyətim dövründə əsgərimdən bir gün ayrı qalmadım. Nəhayət, çətin məqam gələrkən bir zamanlar şagird qismində bu həqiqətləri öyrənən gənclər əllərindəki qələmi süngərə çevirə bildi.

Anar İsgəndərov onu da qeyd edib ki, dövlətimiz milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hissinin tərbiyəsi ilə o qədər dərindən məşğul olub ki, hətta uzun illər ölkəmizdən xaricdə yaşayan gənclər də müharibə dövründə Azərbaycana qayıdıb vətən uğrunda səfərbər olmağa hazır olduqlarını bəyan etmişdilər:

"Xatırlatmaq istəyirəm ki, 2020-ci il 44 günlük Vətən müharibəsinə qədər məktəblərdə hər bir dərsliyin ilk səhifəsində Azərbaycanın işğal olunan torpaqları tarixləri ilə birgə göstərilirdi. Müəllimlər də gənclərə bu işğalın səbəblərini, törətdiyi fəsadları və dövlətin bu amal uğrunda atdığı addımları ədalətli şəkildə öyrədirdilər. Zənnimcə, biz bu hissləri o qədər gözəl təbliğ etmişik ki, hətta uzun illər ölkəmizdən xaricdə yaşayan gənclər də müharibə dövründə Azərbaycana qayıdıb vətən uğrunda səfərbər olmağa hazır olduqlarını bəyan etmişdilər.


Azərbaycançılıq ideologiyası bu gün bizim hakim ideologiyamızdır. Ölkədə yaşayan hər kəs istər gənclər, istər yaşlı nəsil bu ideologiya ətrafında birləşib. Nəticədə Azərbaycan dəmir yumruğa çevrilib. Düşmənin havadarları nə qədər güclü olsa da , müharibə dövründə Azərbaycana nə qədər təzyiq göstərilsə də heç kəsin gücü bizi yıxmağa yetməyib. Çünki ideologiya bütün xalqın zehnində, qəlbində və ruhunda yaşayırdı. Ali Baş Komandan başda olmaqla onun ətrafında bütün Azərbaycanı sevənlər birləşərək dünyaya, yəni qlobal miqyasa öz siyasi gücümüzü sübut etdik. 
Üçrəngli bayrağın Azərbaycanın bütün bölgələrində şərəflə dalğalanması üçün dövlətimizin bütün lazımi tədbirləri həyata keçirdi. Haqq və mübarizə yolumuzda, milli mənlik şüurunun inkişafı uğrunda aparılan mübarizədə adını tarixə yazan  şəhidlərə Allahdan rəhmət, qazilərə isə can sağlığı arzu edirəm. Bildirmək istəyirəm ki, dövlətimizin keçdiyi düzgün inkişaf yolunda azərbaycanlı olan hər kəs bu adı daşıdığı üçün qürur duyur".

 

"Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzi"nin rəhbəri, psixoloq Vüsalə Əmiraslanova qeyd edib ki, müasir dövrdə gənclərə nəyisə təbliğ etmək istəyiriksə mütləq bunun əyani göstəricisi olmalıdır. Məlumatı sadəcə oxuyaraq və kimdənsə eşidərək yox, həm də öz gözləri ilə görərək daha düzgün qavraya və şüuraltına yeridə bilərlər:

"Milli mənlik şüurunun formalaşması üçün valideynlərin edə biləcəyi ən vacib faktorlardan biri qavrama və dərk etmə prosesləri başladığı zaman onlarla vətənə sevgi ilə bağlı, vətənin müdafiəsi ilə bağlı müəyyən kiçikhəcmli  məlumatların verilməsi, vətənlə bağlı tamaşaların və kinoları göstərilməsi, hazırda sosial media platformalarında vətənlə bağlı olan qısametrajlı videoların nümayiş etdirilməsidir. Bütün bunlarla yanaşı uşaqlara öz yaşlarına uyğun olacaq şəkildə şeir və ya mahnıları öyrətməklə də onlara milli mənlik və vətənpərvərlik ruhunu düzgün formada aşılamaq mümkündür. 
Ölkəmizdə orta və ali ixtisas müəssisələrində bu addımlar həyata keçirilir.

Psixoloq Vüsalə Əmiraslanova onu da qeyd edib ki, daha erkən yaş dövründə, yəni məktəbəqədər olan müddət ərzində də uşaqlara bu hissləri aşılamaq lazımdır:

"Zənnimcə, müasir dövrdə gənclərə nəyisə təbliğ etmək istəyiriksə mütləq bunun əyani göstəricisi olmalıdır. Məlumatı sadəcə oxuyaraq , kimdənsə eşidərək yox, həm də özü gözləri ilə görərək daha düzgün qavraya və şüuraltına yeridə bilərlər. 
Mənim ən çox sevdiyim layihələrdən biri "Əsgərə məktub" layihəsidir. Məktəb dövründə keçirilən bu layihə milli mənlik şüurunun psixolojı baxımdan düzgün formalaşmasına çox yaxşı təsir göstərir. Sözsüz ki, daha fərqli layihələr də həyata keçirmək olar. Məsələn, hər hansı fərqli bir peşəyönümündə olan gəncləri mütəmadi olaraq əsgərlərə görüşdürmək , onlar arasında daimi ünsiyyət formalaşdırmaq əminəm ki, daha yaxşı təsir göstərəcək və gəncləri daha çox ruhlandıracaqdır".

 

Fidan Əliyeva

 

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

 

 


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin