Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirildi - FOTO

16:45 - 19 İyul 2024

Şuşada

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri davam edir. İyulun 19-da Şuşa Hotel-Konqres Mərkəzində "Məhəmməd Füzuli. Zamanın fövqündə" adlı konfrans keçirilib. Konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunub. Konfrans Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhminin moderatorluğu ilə gerçəkləşib. 

 


Manset.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva konfransın “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası məqsədilə hazırlanmış tədbirlər planına əsasən keçirildiyini deyib: “Beş əsrdən çoxdur ki, Məhəmməd Füzulinin qələmə aldığı əsərlər Azərbaycan və dünya oxucuları tərəfindən rəğbətlə qarşılanır. Füzulinin yazıb-yaratdığı dövrdən əsrlər ötsə də, əsərlərinin cazibəsi ildən-ilə azalmır. Əksinə, yeni-yeni nəsillər, dəyişən zamanlar içərisində insanlar öz zəka və idraklarının gücü ilə dahi şairin yaradıcılığını fərqli müstəvilərdə dərk edərək dünyagörüşlərinə uyğun halda yenidən mənalandırırlar”.


Akademik diqqətə çatdırıb ki, böyük şairin 530 illiyi münasibətilə AMEA-da silsilə tədbirlərlə yanaşı, şairin elmi irsinin öyrənilməsi istiqamətində də mühüm işlər görülür.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli bildirib ki, 1994-cü ildə Azərbaycan öz istiqlalının inkişafı və dayanıqlığı yönündə qədəmlərini atarkən ölkəmizdə böyük bir tarixi və ədəbi hadisə baş verməkdəydi: “Məhəmməd Füzulinin 500 illik yubileyi tamam olurdu. Ölkəmizin taleyi üçün son dərəcədə ağır olan həmin illərdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ozamankı təbəddülatlı vəziyyətə baxmayaraq, dahi şairin yubileyinin keçirilməsini təxirə salmayıb, əksinə Füzulinin doğumunun yuvarlaq ildönümünü həm Azərbaycanda, həm də qonşu ölkələrdə silsilə bayramlar şəklində yüksək səviyyədə qeyd olunmasını təmin edib”.


AYB-nin üzvü, şair Fərid Hüseyn Füzulinin bənzərsiz söz dünyasından bəhs edib. Onun yaratdığı ölməz irsin bütün zamanlarda öz aktuallığını qoruyub saxlayacağını, hər zaman insanlar tərəfindən sevilərək oxunacağını vurğulayıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, tarixi Zəfərdən sonra biz artıq dördüncü dəfədir mədəniyyət paytaxtımız Şuşada Vaqif Poeziya Günləri münasibətilə bir araya gəlirik: “Xoş təsadüfdür ki, bu il Füzulinin 530 illik yubileyi də ölkəmizin COP29 kimi dünya miqyaslı tədbirə ev sahibliyi etdiyi bir dövrə təsadüf edir. Gərək biz bu yubiley ilində xarici ölkələrin yazar və şairlərinə Füzuli ilə bağlı dolğun məlumatları çatdıraq.  Eyni zamanda onlara Qarabağ Zəfərimiz, 30 illik işğal dövrünün həqiqətləri barədə bilgi verək”.


Nazir müavini söyləyib ki, ötən ay Daşkənddə təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirilib, şairin özbək dilinə tərcümə olunmuş külliyyatının təqdimatı olub. Ölkəmizin iştirak etdiyi beynəlxalq kitab sərgilərində dahi şairin irsi təbliğ olunub, Azərbaycan stendində xüsusi guşələr yaradılıb. Bu ilin oktyabrında keçiriləcək X Bakı Beynəlxalq Kitab Sərgisi Məhəmməd Füzuliyə həsr ediləcək.


Çıxışlardan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Əməkdar artist Anar Mikayılov və Roza Zeynalova tərəfindən Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsəri əsasında kompozisiya təqdim edilib.



Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin