Hava kəskin dəyişir: Qar yağacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024
13:41 - 5 İyul 2024
Otuz illik mübarizə, səbr və əzmin gücü ilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun şücaəti ilə Qarabağ işğaldan azad edildi. Bu gün bu torpaqlara yeni bir həyat vermək üçün bütün qüvvələr səfərbər edilib, dağılan şəhərlərimizin, məhv edilməyə çalışılan tarixi irsimizin bərpası işləri davam etdirilir.
Dövlətimiz öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur.
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması, ölkə prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, qəbul olunmuş digər sənədlər və həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və Şərqi Zəngəzurun dirçəlişində, əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir.
VI çağırış Milli Məclisin deputatı Musa Qasımlı Manset.az-a açıqlamasında bildirib ki, İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra dirçəliş işlərinə başlanması dövlətimizin uğurlu siyasətinin göstəricisidir:
“Heç bir xarici yardım olmadan işğaldan azad olunmuş ərazilərdə görülən işlər Azərbaycanda iqtisadi-maliyyə siyasətinin düzgün qurulduğunu göstərir. Çox qısa müddət ərzində Laçına, Füzuliyə, Şuşaya bir çox kəndlərə keçmiş məcburi köçkünlərin qayıtması Azərbaycanda bütün işlərin planlı şəkildə aparıldığının göstəricisidir. Keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qaytarılması onlara böyük mənəvi- psixoloji ruh verir. İnsanlarımız həsrətlə gözlədikləri yurd yerlərinə dönüblər. Sözsüz ki, soydaşlarımızın Laçın, Şuşa, Xocalı, Füzuli və digər yaşayış məntəqələrində qaytarılması ilə bərabər yeni infrastruktur da yaranır. Yeni iş yerləri açılır, məktəblər inşa edilir. Azərbaycan elm, təhsil və mədəniyyəti həmin ərazilərimizə geri qayıdır. Qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərimizdə Füzuli, Zəngilan Beynəlxalq Hava limani istifadəyə verildi, Laçın Hava limani istifadəyə veriləcək və Xocalı Hava limanı da artıq mövcuddur.
Musa Qasımlı onu da qeyd edib ki, 4 hava limanı olması Azərbaycanın gücünə güc qatır:
"Eyni zamanda dəmir yolları və avtomobil yollarının tikintisi də böyük işlərdən hesab olunur. İlk baxışda bunların yerinə yetirilməsi asan görünə bilər, amma nəzərdən qaçırmayaq ki, gün 24 saatdır və Azərbaycan bütün bu işləri özü tək başına həll edir. Bu bir daha göstərir ki, işlər planlı şəkildə həyata keçirilir və cənab Prezidentin dediyi kimi, ilin sonuna qədər işğaldan azad olunmuş ərazilərimizə 20 min vətəndaşımız geri qayıdacaq. Zənnimcə, bütün bunlar hər biri dövlətimizin gücündən və uğurlu siyasətindən xəbər verir".
VI çağırış Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, 2024-cü il 14 fevral cənab İlham Əliyev parlamentdə keçirilən andiçmə mərasimində vurğuladı ki, ölkəmiz yeni inkişaf mərhələsinə daxil olur və bu yeni inkişaf mərhələsində qarşılıqlı yeni strateji vəzifələr dayanıb:
"Həmin strateji vəzifələrin əsasında ilk növbədə işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış"ın təmin edilməsi dayanır və Azərbaycan dövləti bu isqitamətdə bütün imkan və potensiallara malikdir. Burada söhbət ilk olaraq maliyyə resuruslarından gedir. 2021-ci ildən bəri 12 milyard manat vəsait bu məqsəd üçün ayrılmışdır. Bu da təxminən 7 milyard ABŞ dolları deməkdir. 2024-cü il üçün isə 4 milyard manat vəsait ayrılıb. Parlamentin son iclasında büdcəyə düzəlişlər edilib və həmin düzəlişlər parlament tərəfindən təsdiqlənib. Bununla da "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əlavə olaraq 1 milyard 106 milyon manat vəsait ayrılıb. Bütün bunlar sübut edir ki, maliyyə resurslarına aid olan məsələlər artıq öz həllini tapmaqdadır.
Prezident İlham Əliyev 6 iyul Şuşada "Türk Dövlətləri Təşkilatı"na üzv olan dövlətlərin liderlərinin qeyri-formal sammitində çıxışı zamanı vurğuladı ki, "Böyük Qayıdışa dair I Dövlət proqramı" istiqamətində sürətli və məhsuldar addımlar atılmaqdadır. Artıq 4 şəhərə, yəni Laçın, Füzuli, Şuşa və Xocalıya qayıdış reallaşdırılıb. Eyni zamanda daha 4 kəndə soydaşlarımızın qayıdışı baş verməkdədir. Bütün bunlar onu göstərir ki, biz müəyyən etdiyimiz strateji hədəflərə çatmağa doğru irəliləyirik.
Millət vəkili onu da vurğulayıb ki, bu qayıdışın böyük siyasi mənası da var, qoy bütün dünya görsün ki, biz torpaqlarımızı azad etdik:
"İndi onun sahibləri bizik, o torpaqlara yenidən can veririk. Qoy bizimlə bərabər bütün dostlarımız sevinsin, düşmənlərimizin gözü çıxsın. Bu gün hər bir Qarabağ və Şərqi Zəngəzur sakini ərazilərimizi yenidən "cənnət məkan" etmək uğrunda atılan addımlara töhfə vermək istəyir və inanıram ki, bu şövqlə, bu istəklə biz bütün vəzifələrin öhdəsindən layiqincə gələcəyik. Mən bütün bunları oxuduqlarımdan və eşitdiklərimdən ilhamlanaraq söyləmirəm. Bütün prosesi mən öz gözlərimlə görmüşəm, dəfələrlə Şuşada, Xankəndidə, Xocalıda olmuşam və sonuncu dəfə Azərbaycan - Macarıstan parlamentlərarası dostluq qrupunun rəhbəri və üzvləri ilə birlikdə təxminən 24 saat Ağdamda oldum , işğalçı dövlətin oranı necə dağıtdığını və Qarabağın gözəl guşələrindən olan Ağdamın hansı vəziyyətdə olduğunu mənimlə birlikdə Macarıstandan gələn nümayəndələr də gördülər . Eyni zamanda bu hadisələrin fonunda "Ağdam şəhərinin Baş planı" əsasında şəhərin yenidən necə qurulduğuna şahidlik etdilər. Onlar Ağdamın Qarabağ klubunun tanıyırdılar, hətta onun olduqca tanınan bir futbol klubu olduğunu da vurğulayırdılar və onlar biləndə ki, həmin Qarabağ klubu indi olduqları Ağdam şəhərinə məxsusdur bu, doğrudan da həmin nümayəndələr üçün çox maraqlı bir fakt oldu. Onlar gördülər ki, biz Ağdamı büsbütün gözəlliyə doğru dəyişdiririk.
Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzur bu gün tikinti meydançasına bənzəyir. Çünki hər tərəfdə tikinti və quruculuq işləri gedir. Əminliklə deyə bilərəm ki, bütün bu böyük işlərin sayəsində biz çox uzaq olmayan bir perspektivdə Qarabağın və Şərqi Zəngəzurun tamamilə bərpa olunacağına və müasir şəhər, müasir kəndin formalaşmasına şahidlik edəcəyik. Çünki onun bütün əlamətləri göz qabağındadır. "Böyük Qayıdış" reallaşdır. Və qeyd etdiyim kimi Qarabağ və Şərqi Zəngəzur çox yaxın zamanda əvvəlki simasından da qat- qat gözəl olacaq".
Fidan Əliyeva
6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin