Allahşükür Paşazadə: "Tarixi Qələbədə yanımızda olan Türkiyə dövlətinə təşəkkür edirik"

22:43 - 27 Oktyabr 2021

Allahşükür Paşazadə:

Allah-Təala imkan yaratdı ki, biz haqq-ədaləti bərpa edə bildik. Xalqın dövlətimizin başçısı ilə bərabər olması bu Qələbəyə böyük təkan verdi. Tarixi Qələbədə yanımızda olan Türkiyə dövlətinə, başda Rəcəb Tayyib Ərdoğana təşəkkür edirik.

 

Manset.az xəbər verir ki, bunu Şuşada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərlə təəssüratını bölüşərkən deyib.

 

Ermənilərin vəhşiliyi haqqında danışan Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb: "Biz bura gələndə Şuşada olan evləri, yaşayış obyektlərini, tarixi binaları gördük. Ermənilərin buranı necə dağıdıb xarabalığa çevirdiyini siz də gördünüz. Otuz ilə yaxın müddətdə ermənilər nəinki Şuşada, işğal edilmiş bütün yerlərdə bu cür vəhşiliklər törədiblər.

Erməni işğalçıları torpaqlarımızda nə varsa ya aparıb satıblar, ya da xarabalığa çeviriblər. Bizə Şuşa haqqında məlumat verilərək qeyd olundu ki, burada yeddi məhəllə olub və hər məhəllədə bir məscid yerləşib. Amma onları ermənilər xarabalığa çeviriblər.

Ağdama gedəndə görəcəksiniz ki, ermənilər orada nələr ediblər, məscidləri dağıtmaqla kifayətlənməyib kilsələri də yararsız hala salıblar. Həmçinin qəbirləri qazıb çıxarıblar”.

 

Qarabağın qapısı olan Füzuli Beynəlxalq Hava Limanına ilk dəfə qardaş ölkə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın endiyinə diqqət çəkən Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib: "Bu, tarixi hadisədir. Həmçinin sizi də bu gün təbrik edirəm ki, Füzuli Beynəlxalq Hava Limanına bizimlə gəldiniz. Bu da Azərbaycan-Türkiyə qardaşlığının əyani sübutudur. Biz Ermənilər tərəfindən dağıdılıb viran qalmış ərazilərimizdə nələr ərsəyə gətirmişik göz önündədir. Bu, bizə ilham verir. Bu işlər iki qardaş dövlətin birgə əməyinin nəticəsidir.

 

Dünən Füzuli Beynəlxalq Hava Limanının açılışında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunan açarlar dünyaya bir mesaj idi ki, Qarabağın açarları bizim əlimizdədir. Kimsə bu regiona müdaxilə edə bilməz. Buranın təhlükəsizliyinə Azərbaycan və Türkiyə zəmanət verir. Bu cür işlər Azərbaycan və Türkiyənin qardaşlığını, dostluğunu bütün dünyaya göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həm Füzuli Beynəlxalq Hava Limanının açılışında, həm də Zəngəzur dəhlizinin təməlinin qoyulmasında iştirak etməsi Azərbaycan və Türkiyənin bir yerdə olmasının göstəricisidir.

Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi "bir millət iki dövlət” fikri bu gün reallığına qovuşub. Həqiqətən də Türkiyə və Azərbaycan ayrılmaz bir ölkədirlər. Heydər Əliyev dahi insan idi. Ulu Öndər bu sözləri deyərkən biz o zaman hələ tam anlamırdıq. İndi isə aydın olur ki, o zaman ümummilli lider Heydər Əliyev nələr demişdi. Allah bizim qardaşlığımızı daimi etsin! Allah imkan yaratsın ki, bütün məscidləri, dini məkanları, yaşayış yerlərini bərpa edək! Bütün yurd-yuvalarından didərgin düşmüş minlərlə azərbaycanlı öz doğma torpaqlarına qayıtsın! Allah bütün müsəlman ölkələrini, həmçinin Azərbaycan və Türkiyə dövlətlərini, xalqlarını qorusun!”


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin