Prezident bu mərkəzləri ləğv etdi - SƏRƏNCAM
21 Noyabr 2024
12:07 - 28 İyun 2024
Yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir. Dünyada demoqrafik artımla yanaşı istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir.
Hazırda beynəlxalq aləmdə ətraf mühit komponentlərinin mühafizəsi, mövcud ekoloji problemlərin həllində mütərəqqi metodların tətbiqi həyata keçirilir.
Dünya Sağlamlıq Assambleyası atmosfer havasının çirklənməsinin mənfi ekoloji təsirlərinin azaldılması istiqamətində yol xəritəsini təsdiq etmişdir. Həmin yol xəritəsinə atmosfer havasının çirklənməsinin sağlamlığa təsirləri haqqında məlumat bazasının genişləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin havanın çirklənməsinə dair hədəflərinə istiqamətlənən monitorinqlərin aparılması və hesabatların hazırlanması, bütün səviyyələrdə - yerli, milli, regional və qlobal səviyyədə əməkdaşlıq imkanlarının artırılması kimi fəaliyyətlər daxildir.
Azərbaycan son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir və bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet kimi qəbul edilmişdir. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi ölkənin ekoloji siyasətinin əsas istiqamətlərindədir.
Ölkədə iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi üçün təmiz texnologiyaların tətbiqinə böyük yer verilir. “Yaşıl iqtisadiyyata” sərmayələrin cəlb olunması üçün ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat, tikinti və digər sahələrdə enerjidən səmərəli istifadə üzrə tədbirlər həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın sədri Amin Məmmədov Manset.az-a açıqlamasında vurğulayıb ki, hazırda ölkəmizdə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlifyönlü mühafizə tədbirləri həyata keçirilir:
"Onlardan biri ağacəkmə ilə bağlıdır. 2024-cü ildə beş milyon ağacın əkilməsi planlaşdırılıb. Daha sonra biz "Yaşıllıqların mühafizəsi və artırılması" üzrə həyata keçirilən dövlət proqramlarını buna misal göstərə bilərik. Sözsüz ki, bu istiqamətə cavabdeh olan regional idarələr müvafiq fəaliyyəti həyata keçirirlər. Əlavə olaraq qeyd edim ki, Qarabağda, Neftçalada və bir sıra aran bölgələrində çaylara balıqların buraxılması prosesi həyata keçirilir. Bütün bu proseslərin təhlükəsiz və nizamlı şəkildə tamamlanmasına, torpağın və suyun çirklənməsi faktlarına isə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti nəzarət edir.
Şura sədri onu da bildirib ki, ölkəmizdə əgər qanunsuz fəaliyyət nəticəsində ətraf mühitin çirklənməsi halı baş verərsə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən həmin şəxsə və ya şəxslərə cərimə tətbiq olunur:
"Mühafizə tədbirləri ilə yanaşı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi, qeyri- hökümət təşkilatları və digər qurumlarla birgə ümumi maarifləndirmə tədbirləri də həyata keçirilməkdədir. Bu gün bizim üçün bu istiqamətin ən önəmli hissəsi işğaldan azad olunmuş ərazilərdə ekologiya və ətraf mühitin mühafizəsini təmin etmək və tənzimləməkdir. Böyük qələbəmizdən sonra, yəni 2020-ci ildən bu günə qədər biz ilk növbədə ətraf mühitə dəymiş ziyanı qiymətləndirməyə daha sonra isə uyğun addımlarla irəliləməyə çalışırıq. Nazirliyin tərkibində fəaliyyət göstərən səyyar laboratoriyalar işğaldan azad olunmuş ərazilərə səfər edərək çaylarda suyun ölçülməsi, məhv edilmiş yaşıllıqların bərpası və yeni yaşayış üçün təhvil verilən ərazilərdə, Füzuli, Cəbrayıl, Laçın, Şuşa, Zəngilan və s. kimi bölgələrimizdə yaşıllıqların salınması üzrə bir sıra genişmiqyaslı işlər həyata keçirilir".
Amin Məmmədov qeyd edib ki, bir sıra ümumi regional və qlobal hadisələr nəticəsində ekoloji tarazlığın pozulması halı da diqqətdən yayınmamalıdır. Məsələn, iqlim dəyişiklikləri baş verən zaman dağda buzlaşmaların əriməsi nəticəsində çaylarda suyun səviyyəsi artır və çay öz məcrasından çıxır. Həmçinin baş verən bir çox təbii fəlakətlər, sel, tufan, qasırğa və s. kimi hallar da öz təsirini göstərir:
"Əslində ətraf mühitlə bağlı olan problemlərin bir qismi ümumbəşəridir və bir-birinə bağlıdır. Misal üçün, Xəzər Volqa çayı tərəfindən təmin edilir, əgər Volqada su azalarsa Xəzərdə də suyun səviyyəsi aşağı düşür və suyun çəkilməsi prosesi müşahidə olunur. Mənim fikrimcə, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti olduqca qənaətbəxşdir və bu qurum öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir".
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib ki, Azərbaycanda ekoloji tarazlığın pozulmasına səbəb olan bir neçə amillər mövcuddur. Keçmişə nəzər salsaq, onlardan biri "Balaxanı zibilliyi" idi :
"Sevinərək deyə bilərəm ki, cənab Ali Baş Komandanın göstərişi ilə "Balaxanı zibilliyi" təmizləndi və abadlaşdı. Oradaki tullantıların çürüməsindən metan qazı əldə edildi və yerli əhalinin istifadəsinə verildi. Əlavə olaraq qeyd edə bilərəm ki, ölkəmizin bəzi ərazilərində deqradasiyaya məruz qalan torpaqlar mövcuddur. Həmin torpaqları şumlayıb, ərazisində ağacəkmə tədbirləri keçirilərsə karbon qazının kəskin azalması və ətraf mühitə daha təmiz havanın ötürülməsi baş verəcəkdir. Həmçinin tullantıların təkrar emal edilməsi, torpaqların tullantısız məkana çevrilməsini təmin etmək və polietilen torbaların istehsalını dayandırmaq da ekologiya və ətraf mühitin mühafizəsinin güclənməsinə olduqca müsbət təsir göstərəcəkdir".
Ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərovun fikrincə, ətraf mühitin mühafizəsi qlobal və heç zaman gündəmdən düşməyən bir məsələdir:
"Dövlətimiz bu istiqamətdə uğurlu addımlar atıb və bu gün də atmağa davam etməkdədir. Ancaq sözsüz ki, bəzi problemlər mühitin çirklənməsinə səbəb olur və ekoloji tarazlığın tənzimlənməsini təmin etməkdə dövlətə və ictimaiyyətə çətinlik törədir. Fikrimcə, bunlardan ən aktual olanı tıxaclardır. Azərbaycanın paytaxı Bakıda və digər böyük şəhərlərdə, məsələn, Sumqayıtda və Gəncədə mövcud tıxac problemi var və həmin avtomobillərdən buraxılan toksik maddələr havanı çirləndirərək təbiətə ciddi ziyan vurur. Növbəti məsələ isə çirkli məişət suları ilə bağlıdır. Keçmişdə sutəmizləyici qurğular iki və ya üç şəhərdə mövcud idi və içməli su müəyyən saatlarla əhaliyə verilirdi. Müasir dövrdə isə lokal və ya yerli sutəmizləyici qurğular istehsal edilib və 24 saat əhali içməli su ilə təmin olunur. Lakin digər yandan bu hal çirkab məişət sularının da həcmini artırır. Düşünürəm ki, bəzi bölgələrdə su hövzələri yenidən qurulmalı və kanalizasiya sistemi yenilənməlidir. Əlbəttə, dövlət bu imkanların genişlənməsi üçün mühim addımlar atır. Abşeronda, Sumqayıtda və Gəncədə modul tipli sutəmizləyici qurğular istehsal olunur və müasir tələblərə çatmaq üçün yollar axtarılır".
Fikrət Cəfərov bildirib ki, azad olunmuş ərazilərdə ən böyük problem minalardır. Çünki orada minalar təbiətin hər tərəfinə yerləşdirilib. İstər meşəliklərə, istər yaşayış bölgələrinə yerləşdirilən minalar ətraf mühitlə yanaşı insanların da həyatına ciddi təhlükələr yaradır:
"Hazırda da həmin bölgələrdə minadan təmizlənmə tədbirləri həyata keçirilir. Lakin hələ tam yekunlaşmadığı üçün bu məsələni də problem hesab etmək olar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi azad olunmuş ərazilərdə ekoloji tarazlığın düzgün təminatı üçün müvafiq tədbirlər həyata keçirir. Həmçinin yaşayış məntəqələri də müasir normalara uyğun şəkildə inşa edilir. Bildiyiniz kimi, "Ağıllı şəhər" və "Ağıllı kənd" proqramları ilk növbədə enerji təminatı, alternativ enerji mənbələrindən enerjinin istifadəsi, su təminatı və torpaq təminatı proseslərinin müasir normalara uyğun həyata keçirilməsinə şərait yaradıb. Fikrimcə, Azərbaycan dövləti düzgün istiqamətdə işlər aparır və Qarabağ tezliklə ekoloji tam təmiz ərazi olaraq tarixə yazılacaqdır".
Fidan Əliyeva
6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin