"Mənim kitabımda geri addım atmaq yoxdur" - Türkiyə Prezidenti

13:26 - 27 Oktyabr 2021

“Mənim kitabımda geri addım atmaq yoxdur”.

Manset.az "HaberGlobal"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, jurnalistin “xarici KİV-də Ərdoğan böhrandan qaçdı, geri addım atdı” kimi manşetləri necə dəyərləndirirsiniz” sualına belə cavab verib: “Mən necə geri addım atdım? Mən hücumdayam. Mənim kitabımda geri addım atmaq yoxdur”.

"Mənim hər hansı gözləntim yoxdur. Sadəcə bir gözləntim var - biz bildiyimizi oxuyuruq. Avropa Şurası bildiyin oxuyur-oxusun. Onlar nə oxuyacaq, dinləyib, görəcəyik. Avropa İnsan Hüquqları Məhkəməsininkini də, Şuranınkını da dinlədikdən sonra üzərimizə düşəni edəcəyik. Əgər nə lazımdırsa, onu da edəcəyik. Türkiyə Cümhuriyyətinin Prezidenti olaraq üzərimə düşən vəzifəni yerinə yetirirəm. O, nə deyər, bu nə deyər. Bunların heç birinə baxmaram. Bu, aldığım tərbiyə, yetişdiyim həyat tərzidir. Ölənə qədər də eyni ilə belə davam edəcəyəm", - dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Türkiyədəki səfirlikləri iş adamı Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış etmişdilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin ölkələrin səfirlərini “arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı Xarici İşlər Nazirliyinə tapşırıq verəndən sonra səfirlər Vyana razılaşmasının 41-ci maddəsinə əməl edəcəklərini bildirmişdilər.

Qeyd edək ki, diplomatik missiyaların fəaliyyəti ilə bağlı imzalanan Vyana razılaşmasının 41-ci maddəsinə görə, dövlətlərin imtiyazlarına və müstəqilliyinə xələl gətirmədən, imtiyaz və immunitetlərdən istifadə edən hər bir səfir qarşı tərəfin qanun və qaydalarına əməl etməlidir. Səfirin də vəzifəsi dövlətin daxili işlərinə qarışmamaqdır.

Xatırladaq ki, Osman Kavala Gəzi Parkı hadisələri, Fətullahçı Terror Təşkilatının (FETÖ) 17-25 dekabr sui-qəsdləri və 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində 2017-ci il noyabrın 1-də həbs edilib. O, "Gəzi" terror təşkilatının meneceri və təşkilatçısı olmaqda ittiham olunub. Kavala 2019-cu ildə keçirilən məhkəmədə verilən ittihamlardan bəraət qazanıb, amma sərbəst buraxıldıqdan dərhal sonra yenidən həbs edilib və bu dəfə onun işi çevriliş cəhdilə əlaqədar başqa ittihamlarla birləşdirilib. Sonda məhkəmənin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.


Xəbər xətti

17 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin