"Bu təxribatların arxasında Kreml və Koçaryana bağlı qüvvələr dayanır" - Sərhəddəki insidentlə bağlı MÜHÜM AÇIQLAMA

19:59 - 24 İyun 2021

Ermənistanda parlament seçkisindən və Nikol Paşinyan qələbə qazandıqdan sonra Azərbaycanla sərhəddə ilk insident yaşandı. Ermənistan silahlı birləşmələri Berd rayonunun Ayqedzor kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycanın mövqelərini atəşə tutublar.

Manset.az xəbər verir ki, bu təxribatın detallarını KONKRET.az-a şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Nikol Paşinyan Azərbaycan ordusunun istənilən təxribata tutarlı cavabının olduğunu yaxşı bilir: “Bu, Paşinyan üçün əlavə problemlər yaradacaq. Yeni problemlər onun nəyinə lazımdır? Yox əgər Ermənistan ordusu içərisində təxribatçılar varsa və həmin təxribatçılar Robert Koçaryan kimi qatillərin gizli tapşırıqlarını yerinə yetirirlərsə, buna görə də Paşinyan məsuliyyət daşıyır və daşıyacaq”.

Politoloq Məhəmməd Əsədullazadə isə mövzu ilə bağlı fikirlərini belə şərh edib: “Ermənistanla sülh müqaviləsinin imzalanması bir neçə il çəkəcək. Çünki Ermənistan bu sülh müqaviləsinə hazır deyil. Ümumiyyətlə bu ölkədə parlamentdə revanşistlərin təmsil olunması, onların fürsət gözləyərək Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmək planlarını qüvvədə saxlayır. Əgər Paşinyan prezident idarəsi formasına keçid edib, səlahiyyətləri tam şəkildə ələ alsa və parlamentdə Koçaryanın qruplaşmasını zərərsizləşdirsə, o zaman sülh mümkün ola bilər”.

Politoloq əlavə edib ki, Ermənistan ordusunda Rusiya dərin kök salıb və Paşinyan ölkəni yenidən qurmaq üçün bu qüvvələri neytrallaşdıracaq: “Qeyd edim ki, Ermənistanın sərhəddə təxribatları Azərbaycanı narahat etməməlidir. Azərbaycan qalibdir və baş verən bu təxribatlar Paşinyan və erməni əhalisinin ziyanınadır. Bu təxribatlarin başında Kreml və Koçaryana bağlı hərbçi və siyasilər durur”.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin